May 11 2020 14:13
Elshad Aliyev
Views: 83

Hər zaman sülh və konstruktivlik tərəfdarı olan Azərbaycan faşizmlə mübarizədə tarix yazdığı halda mənfur qonşumuz Ermənistan neofaşizm kimi təhlükəli meyillərin təbliği ilə məşğul olur. Vaxtilə “Almaniya üçün həlak olan Ermənistan üçün həlak olur” devizi altında vuruşan faşist cəlladı Qaregin Njdeyə Ermənistan paytaxtının mərkəzində abidənin ucaldılması və onun bu vaxta qədər sökülməməsi əslində rəsmi İrəvanın işğalçılıq mahiyyətini bir daha nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə beynəlxalq tədbirlərdə həmin məsələyə toxunması əslində, dünyanın diqqətini bu təhlükəyə yönəltmək məqsədi daşıyır. Rusiyanın Armavir şəhərində erməni kilsəsi tərəfindən zəbt edilmiş ərazidə Qaregin Njdeyə qoyulmuş memorial lövhənin götürülməsi ilə əlaqədar qərarın qəbul edilməsi də məhz Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin nəticəsidir.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bu gün Ermənistanda “Njdeizm” irqçi ideologiyası orta və ali məktəb proqramına daxil edilərək tədris olunur. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın nüfuzlu hərbi nəşri olan "Natsionalnaya oborona" jurnalına verdiyi müsahibəsində vurğuladığı kimi, tarixi yenidən yazmaq, faşistləri qəhramanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyillərə ciddi yanaşılmalıdır. Çünki faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir. Bu, həm də ona görə vacibdir ki, gələcək nəsillər təcavüzkarla təcavüzə məruz qalanı dəqiq müəyyən edə bilsin.

Qeyd olunub ki, Ermənistanın təhrif etmək istədiyi daha bir tarix Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın tarixidir. Dövlətimizin başçısı dəfələrlə beynəlxalq tribunalardan bəyan edib ki, həm tarixi ədalət, həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan BMT-yə də özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub. Bununla belə, Ermənistan 30 ilə yaxındır Azərbaycan torpaqlarını işğal altında saxlamaqla təcavüzkar siyasətindən əl çəkmək istəmir. Bu gün işğalçı ölkənin destruktiv cəhdlərinə rəğmən BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi başda olmaqla, digər nüfuzlu beynəlxalq qurumların qəbul etdiyi sənədlərin hər birində qeyd olunduğu kimi, münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Yeri gəlmişkən, bu yaxınlarda separatçı Dağlıq Qarabağ rejimində keçirilən qondarma prezident seçkilərinin beynəlxalq qurumlar tərəfindən tanınmaması da göstərdi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu, bir daha nümayiş etdirdi ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. İndiki vəziyyətdə əsas tələb – sülhyaratma prosesinin yerində saymaması üçün təcavüzkar ölkəyə ciddi təzyiqlərin artırılmasıdır. Əks halda, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün alternativ variantlara əl atması qaçılmaz olacaq.

Azərbaycanın ordu quruculuğunda böyük uğurlar qazandığını diqqətə çatdıran deputat qeyd edib ki, ölkəmizin kifayət qədər güclü ordusu var. Bu gün Azərbaycan ordusu öz torpaqlarını azad etməyə tam hazırdır. Belə ki, son illərdə uğurla həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan hərbi qüdrətini daha da möhkəmləndirərək, dünyanın güclü ordularının reytinqində 52-ci yerdə qərarlaşıb.

K.Nurullayeva deyib: “Dövlətimizin başçısı Rusiyanın hərbi jurnalına verdiyi müsahibəsində də qeyd etdiyi kimi, Azərbaycan elektrik enerjisinin və təbii qazın idxalçısından ixracatçısına çevrilib. Eyni zamanda, bu gün hərbi balans regionda Azərbaycanın xeyrinə olduğu kimi, malik olduğu iqtisadi güc də ölkəmizi regionun lokomativinə çevirib. Dünyada strateji və enerji sabitliyinin dəstəklənməsinə Azərbaycanın verdiyi töhfə xüsusi qeyd edilir. Prezident İlham Əliyev müsahibəsində vurğulayır ki, hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Buna görə də əsas məsələ enerji müstəqilliyinin təmin edilməsi idi ki, Azərbaycan buna uğurla nail oldu.”

Onun sözlərinə görə, son illərdə ölkəmizin elektrik enerjisi və təbii qaz üzrə idxalçıdan ixracatçıya çevrilməsi də təsadüfi deyil. Bu, ilk növbədə, Azərbaycanda enerji sisteminin etibarlılığının göstəricisi, eyni zamanda, ölkəmizdə elektrik enerjisi təsərrüfatında həyata keçirilən və davamlı xarakter alan köklü islahatların nəticəsidir. Davos İqtisadi Forumunun reytinqinə əsasən, elektrik enerjisinin əlçatanlıq əmsalına görə, Azərbaycan dünyada ikinci yeri tutur. Paralel olaraq, enerji resurslarını bir neçə istiqamətdə ixrac edən 7 neft və qaz kəməri inşa olunub. Regionun ən nəhəng enerji infrastrukturu olan Cənub Qaz Dəhlizinin tikintisi də uğurla başa çatmaq üzrədir.

“Ümumiyyətlə, Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu bu meqalayihə - Cənub Qaz Dəhlizi nəinki regionun, eləcə də qitənin enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz töhfəsini verəcək”, - deyə deputat fikrini tamamlayıb.


Create Account



Log In Your Account