Aug 04 2020 17:32
Elshad Aliyev
Views: 162

Ölkəmizdə həyata keçirilən ilk aqroturizm layihəsi olan “Şəhərdən Kəndə”nin www.tovillage.az portalının beta-versiyası istifadəyə hazırdır.

CBC xəbər verir ki, portalın yaradılmasında əsas məqsəd ölkəmizin müxtəlif gözəl guşələrində olan kəndli-fermer təsərrüfatlarını yerli və xarici turistlərə yaxından tanıtmaq, səyahətsevərlər üçün alternativ istirahət imkanını daha əlçatan etmək, ölkəmizdə aqroturizmin inkişafına töhfə vermək, eyni zamanda regionlarda yaşayan əhalinin sosial rifah halının yüksəlməsində pay sahibi olmaqdır.

Portal vasitəsilə Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Lənkəran və Quba rayonlarına təşkil olunan turlara qoşulmaq mümkündür. Həmçinin, turistlər öz istəklərinə uyğun olaraq fərdi turlar da sifariş edə bilərlər. Portalda aqroturun təşkil olunduğu hər bir təsərrüfat barədə ətraflı məlumat yerləşdirilib. Tur sifariş etmək istəyən şəxslər səfərin proqramı ilə tanış ola bilərlər.

“Şəhərdən Kəndə” turlarına qoşulan səyahətsevərlər digər turlardan fərqli olaraq burada kənd evlərinə, təsərrüfat sahələrinə, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan müəssisələrə səyahət edirlər. Tur iştirakçıları təbii kənd məhsulları və müxtəlif regionların yerli təamları ilə qidalanır, fərqli təsərrüfat sahələri ilə yaxından tanış olur, mövsümdən asılı olaraq meyvə yığımı, ağacəkmə, at minmə, balıqçılıq və digər fəaliyyətlərdə iştirak edir, həmçinin kənd məhsullarını fermerlərdən əldə edə bilirlər.  

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin icrasına 2019-cu ildə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən icra edilən layihə Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi və “Paşa Holdinq” tərəfindən dəstəklənir.

Layihənin icrasına başlanılan gündən etibarən müxtəlif regionlarda olan fermer təsərrüfatlarına 40-dan artıq aqrotur təşkil olunub. Bu turlara ümumilikdə 800-dən çox turist qoşulub ki, onların 150-ə yaxını əcnəbi turistlərdir. Turist qəbul edən hər bir fermer təsərrüfatının aylıq gəliri ortalama 300 manat artıb.

Bildirək ki, layihə çərçivəsində müxtəlif regionlarda 300-ə yaxın kəndli-fermer və aqrar sahibkarlarla görüşlər keçirilib, onlara layihənin məqsədi və fəaliyyət prinsipləri barədə ətraflı məlumat verilib.

Bu günədək 200-ə yaxın təsərrüfat sahibi birbaşa, yaxud www.tovillage.az saytı və sosial media hesabları vasitəsilə layihəyə qoşulmaq üçün müraciət edib. Baxış keçirilən 118 fermer təsərrüfatından 76-sı layihə üçün uyğun hesab edilib. Layihədə iştirak haqqı qazanan 52 fermerə yerli və əcnəbi mütəxəssislər tərəfindən təlimlər keçirilib. Hazırda layihəyə maraq böyükdür və müraciət edənlərin sayı artmaqdadır. Layihənin qoyduğu tələblərə cavab verən təsərrüfatlarda yenidənqurma işləri aparılır, onlar müəyyən texniki və avadanlıq dəstəyi əldə edirlər.

Qeyd edək ki, 2021-ci ilə qədər davam edəcək pilot layihə çərçivəsində 500 fermer maarifləndiriləcək və onların aqroturizm sahəsində məşğulluqları təmin olunacaq.

 

 


Create Account



Log In Your Account