Mar 12 2020 16:42
Elshad Aliyev
Views: 110

Prezident İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışı Azərbaycanın gələcək strateji inkişaf proqramlarını əks etdirən tezislərdən ibarət idi. Dövlət başçısının parlamentin və deputatların daha fəal olmasının vacibliyinə dair tövsiyələri, eləcə də Dağlıq Qarabağ problemi ilə bağlı hücum diplomatiyası taktikası barədə fikirləri hər bir deputatın qarşısında təxirəsalınmaz vəzifələr qoyur. Yeni parlamentin tərkibi, rəhbərliyə və komitə sədrlərinə müxalifət partiyalarını və bitərəfləri təmsil edən deputatların seçilməsi Azərbaycanda demokratik dəyərlərə sədaqətin təzahürüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Prezident İlham Əliyevin çıxışında miqrantlar, ölkələrini tərk etmək məcburiyyətində qalan insanların acı taleyi, onlara göstərilən düşmən münasibətlə bağlı fikirlərini siyasi liderin qətiyyətli mövqeyi kimi dəyərləndirən səfir deyib: “Dövlət başçısı çıxışında Türkiyənin 4 milyon qaçqına ev sahibliyi etməsini diqqətə çatdırmaqla açıq şəkildə dünyadakı ikili standartları ittiham etdi. Digər tərəfdən, bu ifadələrin altında dərin mənalar var. Bu, bir mesajdır ki, əgər Dağlıq Qarabağ problemi ədalətli şəkildə həll olunsaydı, bu gün Suriya böhranı da baş verməzdi. Əgər zamanında Avropa ölkələri və beynəlxalq təşkilatlar bir milyondan çox azərbaycanlı qaçqın, köçkünün taleyinə biganə qalmasaydı, indi bu bölgənin özü milyonlarla qaçqının qarşısında aciz olmazdı”.

Səfir fikirlərini belə tamamlayıb: “Hər bir vətəndaşımız, o cümlədən mənim üçün qürurvericidir ki, Prezident İlham Əliyev bütün məqamlarda olduğu kimi, parlamentdəki çıxışında da bir daha Türkiyənin yanında olduğunu açıq şəkildə ifadə etdi”.


Create Account



Log In Your Account