Aug 05 2019 12:07
Ferah Sabirqizi
Views: 36

Milli Məclisin komitə sədri Hadi Rəcəbli Belarus Respublikasında səfərdə olub və bir sıra görüşlər keçirib. Deputat Belarus Respublikasının Vileyski rayonunda iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanova Azərbaycanın Belarus Respublikasında fəaliyyət göstərən “Qobustan” diaspor təşkilatının  təşəbbüsü və onun sədri, sahibkar Baxşı Qəmbərovun  bilavasitə maliyyə dəstəyi ilə ucaldılmış abidənin və qəhrəmanın xatirəsinə qurulmuş memorial lövhənin önünə əklil qoyub. Rayonun tarix muzeyinin məlumatlarına görə, Həzi Aslanovun rəhbərlik etdiyi tank briqadası 65 mindən çox əhalisi olan bu bölgəni faşist işğalından azad edib.        
                                                                                       
Bu günlərdə Belarus Respublikası müstəqilliyinin 75 illiyini qeyd edirdi. Sevindirici hal o idi ki, Azərbaycan nümayəndə heyəti heykəl önünə əklil qoyarkən orada gül-çiçək çoxluğundan yer tapmaq belə çətin idi.


Yerli əhali bu tarixi şəxsiyyəti unutmur, Həzi Aslanovun xatirəsini daim yad edirlər. Yerli İcra Hakimiyyəti başçısının 15 ilə yaxın müavini olmuş Deruqo Svetlana Mixaylovna deputata heykəlin yaranma tarixindən danışıb. Məlum olub ki, uzun müddət həmyerlimiz Baxşı Qəmbərov ölkə miqyasında bütün qapıları döyüb  və Həzi Aslanovun adının əbədiləşməsinə, abidə ucaldılmasına icazə istəyib. Əvvəl xatirə lövhəsi ilə kifayətlənən rayon rəhbərliyi sonra büst qoyulmasına, daha sonra  və nəhayət sahibkarın təkidi və ardıcıl müraciətləri nəticəsində belə bir heykəlin ucaldılmasına icazə verib.

Bir ay əvvəl heykəlin ucaldılmasının  10 illiyi tamam olub və yerli əhali bunu sevə-sevə qeyd edib.      

Hadi Rəcəbli xatirə muzeyi ilə taniş olub, İcra hakimiyyətində və yerli əhali ilə səmimi söhbətlər aparıb. O, ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan və əhalinin mənafeyinə xidmət edən islahatlardan geniş söhbət açıb.

Deputat qeyd edib ki, Azərbaycan-Belarus  iqtisadi, sosial və siyasi əlaqələri daim inkişaf edir və bu sahədə uğurlu perspektivlər gözlənilir. Bu münasibətlərin təməli və əsas müsbət tendensiyaları Belarus prezidenti Aleksand Qriqoryeviç Lukaşenko ilə Azərbaycan prezidenti İlham Heydər oğlu Əliyevin şəxsi dostluq münasibətlərindən irəli gəlir.


Create Account



Log In Your Account