Mar 31 2021 18:09
Elshad Aliyev
Views: 189

Martın 30-da İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) İcraiyyə Şurasının 41-ci sessiyası öz işinə başlayıb. 

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, COVID-19 pandemiyası səbəbindən sessiyanın virtual keçirilməsi qərara alınıb.

Sessiyanın gündəliyinə 2019-2020-ci illər üzrə ICESCO-nun fəaliyyəti üzrə hesabatın, 2019-cu il üzrə maliyyə hesabatının, mədəniyyət, təhsil, elm və texnologiya sahələrində həyata keçirilmiş layihələrə dair hesabatların dinlənilməsi, təşkilatın 2021-ci il üçün nəzərdə tutulan layihələrinin təqdimatı, üzv dövlətlərin Milli Komissiyalarının yeni Nizamnamə layihəsinin, həmçinin Gənc Peşəkarlar Proqramının müzakirəsi, təşkilatın regional mərkəzlərinin və nümayəndəliklərinin fəaliyyəti barədə hesabatların dinlənilməsi və regional mərkəzlərin iş mexanizminin inkişaf etdirilməsi ilə bağlı təkliflərin müzakirəsi və digər məsələlər daxildir.

Sessiyanın birinci günündə ICESCO-nun baş direktoru Salim Məhəmməd Əl-Malik, ICESCO Baş Konfransının 13-cü sessiyasının prezidenti Əli Zeydan Əbu Zuhri və İordaniya Krallığının təhsil, ali təhsil və elmi araşdırmalar naziri Məhəmməd Xair Abo Qudeis çıxış ediblər.

Sessiyada ölkəmizi təmsil edən ICESCO İcraiyyə Şurasının üzvü, ICESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə ölkəmizin təşkilatla əməkdaşlıq çərçivəsində fəaliyyəti barədə hesabatla çıxış edib.

Milli Komissiyanın baş katibi ICESCO ilə əməkdaşlığın, 44 günlük Vətən müharibəsindən sonra təşkilatın baş direktorunun Azərbaycan Respublikası Prezidentinin dəvəti ilə ölkəmizə səfəri, səfər çərçivəsində Azərbaycanın işğaldan azad olunan ərazilərini ziyarət etməsi və bu məsələdə Azərbaycana göstərilən dəstəyin yüksək qiymətləndirildiyini, habelə işğaldan azad olunan ərazilərdə mədəni irsə dəymiş ziyanın bərpası prosesində ICESCO ilə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.

V.Eyvazzadə çıxışında BMT tərəfindən 2021-ci ilin “Davamlı inkişaf üçün beynəlxalq yaradıcı iqtisadiyyat ili” elan olunması, startapların və yeni layihə platformalarının yaradılması kimi məsələlərə də toxunub.

Qeyd edək ki, ICESCO İcraiyyə Şurasının 41-ci sessiyası 31 mart tarixində başa çatacaq.


Create Account



Log In Your Account