Jun 18 2021 14:56
Elshad Aliyev
Views: 107

Operativ Qərargah bu yaxınlarda elan edib ki, vaksinləmə prosesinin daha intensiv aparıldığı ölkələrdə epidemioloji vəziyyətin yaxşılaşması nəzərə alınaraq, iyunun 21-dən başlayaraq ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşlarının Azərbaycana gəlmələrinə icazə verilir. Koronavirusla uzun aylar mübarizədən sonra israillilər onlar üçün ən populyar turizm istiqamətlərindən biri olan Azərbaycana nəhayət gələ və bu ölkədə istirahət edə biləcəklər. Bundan əvvəl Azərbaycan iyunun 10-da Türkiyə və Rusiya vətəndaşlarının ölkəyə girişinə icazə verib.

AZƏRTAC xəbər verir ki, bu barədə bir neçə gün bundan əvvəl Şmuel Dan Elmas İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində “Odlar Yurdu israilli turistlər üçün açılır” sərlövhəli məqaləsində yazıb.

Məqalə müəllifi qeyd edir ki, İsrail və Azərbaycan arasında strateji münasibətlərin böyük uğurlarından biri məhz turizm sənayesinin - koronavirus pandemiyası başlananadək son illərdə sürətlə inkişaf edən sahənin payına düşür.

“Israel HaYom” qəzetinin müxbiri vurğulayır: “2017-ci ildə Azərbaycana gələn 15369 israilli turistdən sonra 2018-ci ildə onların sayı 40082-yə, 2019-cu ildə isə hətta 47003 nəfərə çatdı”.

2018-ci ildə yaradılan Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Israel HaYom” qəzetinə eksklüziv müsahibəsində deyib: “Rəsmi Bakı hazırda İsrailin uğurlu vaksinləmə kampaniyasının aparılması üzrə təcrübəsini öyrənir. Azərbaycan peyvənd vurduran israilli turistlərə qapılarını yenidən açmağa hazırdır. Onlar “yaşıl pasport”larını, Təl-Əvivdən uçuşa 72 saat qalmış koronavirus testinin neqativ nəticəsini təqdim etməlidirlər.

Tezliklə Təl-Əvivdə Azərbaycanın turizm ofisi fəaliyyətə başlayacaq. Koronavirus pandemiyasından əvvəlki statistik rəqəmlər açıq-aydın göstərir ki, pandemiya böhranı bütün dünyada turizm sənayesinə ağır zərbə vurub.

Gələn il biz İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının 30 illiyini qeyd edəcəyik. Biz həmişə sülh və dostluq şəraitində yaşamışıq, bayramları bərabər qeyd etmişik. Azərbaycanda çox fəal yəhudi icması var. Bu icma Azərbaycanın maraqlarını xaricdə inkişaf etdirir. İsraildə Arye Qut kimi ictimai xadimlər və diaspor nümayəndələri var ki, İsrail KİV-ləri onlar üçün əlçatandır və bu, strateji cəhətdən bizim üçün mühümdür. Azərbaycan qədim tarixə, çoxəsrlik ənənələrə, gözəl təbiətə və parlaq mədəniyyətə malik dövlətdir. Bu ölkədə qədim petroqlifləri, zərdüştilik məbədlərini, şərq saraylarını, müasir muzeyləri görmək, isti dənizdən, ucu-bucağı görünməyən çimərliklərdən zövq almaq, çoxsaylı festival və konsertləri izləmək mümkündür. Azərbaycan hərcəhətli ölkədir, kinofilmlərin, bədii fotosessiyaların çəkilişi üçün, sadəcə olaraq, coşqu, gözəl əhval-ruhiyyə axtarmaq üçün ideal məkandır, çünki bu ölkədə hər şey tapmaq mümkündür”.

İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzeti sonda yazır ki, Azərbaycanda turizm aktiv şəkildə inkişaf edir. Odur ki, israillilərin Odlar Yurduna səyahəti maraqlı olacaq və yaddaqalan təcrübəyə çevriləcək.

 


Create Account



Log In Your Account