Apr 29 2020 13:59
Elshad Aliyev
Views: 60

Əfqanıstanın paytaxtı Kabildə hərbi obyektin yaxınlığında baş verən partlayış nəticəsində ən azı üç nəfər həlak olub, səkkiz nəfər isə yaralanıb.

AZƏRTAC TOLOnews telekanalına istinadla xəbər verir ki, terrorçu-kamikadze Riş-Xor rayonunda xüsusi təyinatlı qüvvələrin bazasına hücum etməyə cəhd göstərib.

Əfqanıstanın xüsusi əməliyyatların keçirilməsi üzrə komandanlığının məlumatına əsasən, həlak olanların hamısı mülki şəxslərdir.

Komandanlıq hücumun məsuliyyətini “Taliban” hərəkatının üzərinə qoyub.

Əfqanıstanın Daxili İşlər Nazirliyi isə insident nəticəsində üç nəfərin öldüyünü və 15 nəfərin xəsarət aldığını bildirib.

Qeyd edək ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Sülh sazişi 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və qarşı duran tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.


Create Account



Log In Your Account