Apr 20 2021 16:02
Elshad Aliyev
Views: 137

Erməni deputat burada söylədi ki, mina xəritəsini verməyə hazırdırlar, ancaq guya Azərbaycan istəmir. Mən isə indi buradan tələb edirəm, azad etdiyimiz ərazilərin mina xəritəsini verin. AŞPA cinayətkar əsirlərlə bağlı məsələni müzakirəyə çıxarır, ancaq Qarabağda Ermənistan minalarından həlak olan mülki insanları unudur. Xankəndidə, Xocalıda, Ağdərədə yaşayan ermənilərlə barışıq vaxt məsələsidir. Buna nail olunacaq. Bir daha təkrar edirəm onlar bizim vətəndaşlarımızdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-da “Avropada milli azlıqların qorunması” adlı məruzənin müzakirələri zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov söyləyib.

“Assambleyamızı məlumatlandırmaq istəyirəm ki, Azərbaycan multikultural ölkədir. Multikulturalizm ölkəmizdə həyat tərzidir. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri birgə mehriban yaşayıblar. Müxtəlif etnik qrupları təmsil edən insanlar birgə yaşayıb yaradıblar. Hətta bu gün Azərbaycanda 30 min erməni yaşayır, halbuki Ermənistanda bir nəfər də olsa, azərbaycanlı yoxdur. Mənim ailəm Ermənistandan zorla çıxarılıb”, - deyən Kamal Cəfərov Azərbaycanın çox mədəniyyətli ölkə olduğundan, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinə bərabər yanaşmadan söz açıb.

Azərbaycanlı deputat vurğulayıb ki, monoetnik ölkə olmaq Ermənistanın siyasətidir. Ancaq onlar post-konflikt əməkdaşlığının qurulmasına və barışıq səylərinə xələl yetirməməlidirlər. Hər kəs bilir ki, post-konflikt proses və inkişaf çox ağrılı keçir. Mövcud imkanlarla bağlı davranışlara diqqət yetirilməlidir.

O bildirib ki, Azərbaycan 2008-ci ildə yeni prosesin təşəbbüsçüsü oldu. Ölkəmiz Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini bir araya gətirərək, mədəniyyətlərarası dialoqun inkişafı və təşviqi məqsədilə “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü. On ildən çox müddətdə mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində Beynəlxalq Forum keçirildi. Bu, ölkəmizin multikulturalizmə verdiyi önəmi əks etdirir.


Create Account



Log In Your Account