Apr 17 2020 15:10
Elshad Aliyev
Views: 83

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində paytaxtda polis əməkdaşları mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir.

AZƏRTAC xəbər verir ki, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları vətəndaşlarla profilaktik söhbətlər apararaq onları xüsusi karantin rejim qaydalarına riayət etməyə çağırırlar. Sakinlərdən lüzumsuz yerə yaşayış yerlərini tərk etməməyi, zərurət olduğu halda isə təyin olunmuş qaydada icazə sistemi vasitəsi ilə icazə aldıqdan sonra hərəkət etməyi tələb edən polis əməkdaşları vətəndaşlara “evdə qal” kompaniyasına qoşulmalarının zəruriliyini bildirirlər.

Daxili İşlər Nazirliyinin əməkdaşları bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı 2 metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və qərarlarına ciddi riayət etməyə çağırırlar.

Paytaxtda hərəkət edən şəxslər polis və Daxili Qoşunların əməkdaşları tərəfindən yoxlanılır. Müvafiq icazə olmadan şəhərə çıxan şəxslər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.

Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər zamanı xüsusi karantin rejimi qaydalarını pozan fiziki və hüquqi şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati tənbeh tədbirləri tətbiq edilir.

Qeyd edək ki, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədilə ölkə ərazisindəki xüsusi rejim müddəti martın 31-dən aprelin 20-dək gücləndirilib. İnsanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədilə icazə verilir.

Xatırladaq ki, ötən iki gün ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə ümumilikdə 8970 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 23 şəxs isə inzibati qaydada həbs olunub, 1 cinayət işi üzrə 1 nəfər şübhəli şəxs qismində tutulub.

Ümumilikdə isə martın 17-dən bu günədək xüsusi karantin rejiminin pozulması ilə əlaqədar 9 cinayət işi üzrə 16 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 252 nəfər inzibati həbs edilib, 56 min 871 nəfərə inzibati cərimə tətbiq olunub, 482 nəfərə xəbərdarlıq edilib.


Create Account



Log In Your Account