Jan 19 2021 11:27
Elshad Aliyev
Views: 70

Ötən il Azərbaycana 795,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül digər ölkələrdə olduğu kimi, Azərbaycanda da müşahidə olunmaqda davam edir. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ildə Azərbaycana dünyanın 155 ölkəsindən 795,7 min və ya 2019-cu illə müqayisədə 4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikası ilə qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması 2020-ci ilin aprel-dekabr aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olub və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

2020-ci ildə ölkəmizə gələnlərin 28,3 faizi Rusiya Federasiyası, 23,2 faizi Gürcüstan, 20,2 faizi Türkiyə, 9,1 faizi İran, 2,1 faizi Ukrayna, 1,6 faizi Hindistan, 1,5 faizi Səudiyyə Ərəbistanı, 1,1 faizi Qazaxıstan, hər birindən 1 faiz olmaqla Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistan, hər birindən 0,9 faiz olmaqla Küveyt və Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Özbəkistan və İraq, 0,5 faizi İsrail, hər birindən 0,4 faiz olmaqla Almaniya və İtaliya, 4,5 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 81,1 faizini kişilər, 18,9 faizini qadınlar təşkil edib.

İl ərzində Çindən gələnlərin sayı 16,7 dəfə, Koreya Respublikasından 13,8 dəfə, İsraildən 11,1 dəfə, Yaponiyadan 10,2 dəfə, Polşadan 10 dəfə, İraqdan 9,8 dəfə, Səudiyyə Ərəbistanından 9 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 8,6 dəfə, Macarıstandan 8,3 dəfə, Omandan 7,5 dəfə, Kanadadan 7,4 dəfə, ABŞ-dan 7,2 dəfə, Qətərdən 6,7 dəfə, Türkmənistandan 6,3 dəfə, Fransadan 6 dəfə, Almaniyadan 5,8 dəfə, Qazaxıstandan 5,6 dəfə, Niderlanddan 5,3 dəfə, Böyük Britaniyadan 5,2 dəfə, Misirdən 5,1 dəfə azalıb.

Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,9 dəfə azalaraq 23 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 5 dəfə azalaraq 110,7 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 273,4 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,0 faizi dəmir yolu və avtomobil, 27,6 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2019-cu illə müqayisədə ötən il xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,8 dəfə azalaraq 1 milyon 164,6 min nəfər olub. Ölkə vətəndaşlarının 29,2 faizi İrana, 26,4 faizi Gürcüstana, 18,9 faizi Rusiya Federasiyasına, 16,4 faizi Türkiyəyə, 9,1 faizi digər ölkələrə səfər edib. Gedənlərin 70,4 faizi kişilər, 29,6 faizi qadınlar olub. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə, Gürcüstana gedənlərin sayı 5,2 dəfə, Rusiyaya gedənlərin sayı 4,5 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.

2020-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 73,2 faizi dəmir yolu və avtomobil, 23,8 faizi hava, 3 faizi isə dəniz nəqliyyatından istifadə edib.


Create Account



Log In Your Account