Feb 14 2019 12:46
Ferah Sabirqizi
Views: 168

Əmlak Məsələləri Dövlət Komitəsində (ƏMDK) reallaşdırılan “Könüllü ol” layihəsinə 1100-dək gənc cəlb edilib.

Komitədən bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə gənclərinin potensialının müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, könüllülər hərəkatının ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı istiqamətində ardıcıl islahatlar aparılır. Ölkə başçısının dövlət orqanlarının fəaliyyətində könüllülərin xidmətlərindən geniş istifadə edilməsi tapşırıqlarına uyğun olaraq ƏMDK tərəfindən müasir düşüncəli gənc könüllülərin bacarıqlarından geniş istifadə, gələcəkdə onları daimi iş yerləri ilə təmin etmək, institusional bacarıqlarını artırmaq, intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili ilə bağlı geniş tədbirlər görülür. Könüllülərlə birgə iş birliyinin həyata keçirilməsi komitənin gənclər siyasəti sahəsində reallaşdırdığı tədbir və layihələrin, eləcə də əmlak idarəçiliyi sahəsində göstərilən dövlət xidmətlərinin tərkib hissəsidir.

Komitə qarşısına qoyduğu “Müasir düşüncə-gələcəyə addım” hədəfinə əsasən əmlak idarəçiliyi sahəsində “Könüllü ol” proqramını reallaşdırır. “Könüllü ol” layihəsi çərçivəsində artıq 1100-dək könüllü komitənin fəaliyyət sferalarına aktiv şəkildə cəlb edilib. Hər bir könüllü ilə komitədə fərdi görüşlər keçirilir, onların bilik və bacarıqları yoxlanılır. Nəticədə 320 könüllü komitənin müvafiq qurumlarında könüllü fəaliyyətə başlayıb. Könüllü proqramında iştirak edən 110 nəfər könüllü komitənin müxtəlif qurumlarında işlə təmin edilib.

Respublikanın ali təhsil ocaqlarının tələbələri və məzunlarının da əmlak idarəçiliyi sahəsində könüllü fəaliyyətinə cəlb edilməsi istiqamətində fəal iş aparılır. Bu məqsədlə, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetində ümumilikdə 1000-ə yaxın məzun, tələbə və magistrlərlə görüşlər keçirilib.

Respublikanın regionlarında da komitənin “Könüllü ol” proqramında iştirak etmək istəyən gənclərlə görüşlər keçirilir. Gəncə və Şirvan şəhərləri, Qəbələ, Quba regionunda yaşayan 700-dək gəncə “Əmlak Məsələləri Dövlət Komitəsində könüllü proqramı” mövzusunda seminarlar keçirilib. Seminarlarda ƏMDK-nın fəaliyyəti, komitədə həyata keçirilən könüllü fəaliyyət haqqında məlumatlar verilib, suallar cavablandırılıb. Bu görüşlərdə könüllülük fəaliyyətinin həyata keçirilməsi üçün müraciətlər də qəbul olunub. Regionlarda belə görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Konullülərlə birgə iş prinsipinin daha rahat və müasir formada qurulması məqsədilə 2017-ci ildən komitənin internet resursunda (http://www.e-emdk.gov.az:30034/Volunteer/FormApply) “Könüllü fəaliyyəti” adlı xüsusi bölmə də fəaliyyət göstərir. Könüllü olmaq istəyən gənclərimiz “Könüllü ol” bölməsinə daxil olaraq müraciətlərini elektron formada da göndərə bilirlər. Könüllülərlə 2-3 ay müddətinə müqavilə bağlanılır və könüllülük fəaliyyətinə başlanılır. Fəaliyyət müddətləri ərzində könüllülər üçün fərdi inkişafa hesablanmış müxtəlif təlimlər, seminarlar təşkil edilir. Onlar komitədə təcrübə keçir və təlimlərə cəlb edilirlər. Fəaliyyətlərini bitirən könüllülərə Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi sertifikatı verilir. Komitə tərəfindən həyata keçirilən sosial layihələrdə və beynəlxalq tədbirlərdə də könüllülərin xidmətlərindən geniş istifadə edilir.

Əmlak Məsələləri Dövlət Komitəsi, habelə digər dövlət qurumlarında da könüllülərin xidmətlərindən geniş şəkildə istifadə və gələcəkdə onların işlə təmin olunması nəticəsində gənclərin dövlətçilik ənənələri və vətənpərvərlik ruhunda yetişməsinə, sosial məsuliyyət hissinin güclənməsinə, yeni nəsil dövlət qulluqçularının formalaşmasına nail olunur.


Create Account



Log In Your Account