Feb 06 2017 16:52
Ulviyye Sabirqizi
Views: 2250

Bakıda keçiriləcək 2017 Formula-1 Azərbaycan Qran-Prisində könüllü fəaliyyət göstərmək istəyənlər üçün müsahibə mərhələsi başlayıb. Müsahibə prosesi və könüllülərin yarışlara peşəkar səviyyədə hazırlıqları Bakı şəhər Halqası akademiyasında keçirilir.

Müsahibə öncəsi könüllülərin şəxsi məlumatları yoxlanılır və akkreditasiya kartı üçün şəkilləri çəkilir. Müsahibə prosesi məxfidir. Müsahibə zamanı könüllülərin yarışlara istəkləri və psixoloji hazırlıqları yoxlanılır.

Bakı Şəhər Halqası Akademiyasında könüllülərin vaxtını səmərəli keçirmələri üçün kitabxana da yaradılıb. Burda könüllülər 200-dən çox kitab və 500-ə yaxın elektron kitabdan yararlana bilərlər.

Tural Hümbətov, “Formula-1” könüllülərinin koordinatoru:

“Bakı Şəhər Halqası Akademiyasında gənclərimizin inkişafı üçün seminarların keçirilməsi nəzərdə tutulub. Seminarlar konfliktlərin, layihələrin idarə olunması, həyat hədəflərin müəyyən olunması və s. mövzuda olacaq”.
Könüllülər 2017 Formula-1 Azərbaycan Qran-prisinə böyük həvəslə hazırlaşırlar.

Səba Əliyeva, könüllü:

“Könüllülük fəaliyyəti mənim təcrübəmi artıracaq və əlbəttə ki, mən dünya görüşümü artırmış olacağam. Maraqlı insanlar tanıdım, onların məşğul olduğu işlər, layihələr haqqında məlumat aldım. İştirak etdiyim beynəlxalq tədbirlərdə də xaricilərin mədəniyyətini tanımış oldum”.

Qeyd edək ki, iyunun 23-dən 25-dək keçiriləcək Azərbaycan Qran-prisində 3 min könüllünün iştirakı nəzərdə tutulub. Könüllülər proqramına müraciətlərin qəbulu fevralın sonunda başa çatacaq.

 

 


Create Account



Log In Your Account