Apr 24 2020 15:18
Elshad Aliyev
Views: 440

Koronavirus (COVİD-19) böhranının yaratdığı müstəsna şəraitdə bütün dünyada müqəddəs Ramazan ayını qeyd etməyə hazırlaşanlar arasında müharibə və zorakılıqlardan qaçan milyonlarla insan da vardır. Qaçqınlar və məcburi köçkünlər çox zaman cəmiyyətin ən köməksiz və həssas durumda olan üzvləri arasında olur və pandemiya dövründə xüsusilə risk altındadırlar. Onları qəbul etmiş yerli icmalarla birlikdə bu insanların çox vaxt su təchizatı, sanitariya qovşağı və səhiyyə sistemlərinə çıxışları və maddi baxımdan təminat üçün sosial-iqtisadi resursları məhdud olur. Ramazan qaydalarına riayət edənlərin çoxu əmin ola bilmirlər ki, oruc tutarkən günün sonunda iftarlarını açmaq üçün masalarının üzərində yemək olacaq.

“Bu il biz müqəddəs Ramazan ayına böyük qlobal iztirablar dövründə qədəm qoyuruq. Amma bu fikir Ramazanın mahiyyətindən irəli gəlir ki, hər kəs təsəlli və ümid tapa bilər. Hər kəs bu pandemiya qarşısında əlverişsiz durumdadır, amma qaçqınlar, məcburi köçkünlər və yoxsullaşmış yerli icmalar onun təsirinə ən çox məruz qalanlar arasındadır. Bizim kollektiv insanpərvərlik hissimizin sınağa çəkildiyi bir vaxtda onların həyatlarını xilas edəcək yardıma və dəstəyə həmişəkindən daha çox ehtiyacları var”, – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib, CBC xəbər verir.

Ramazan düşünmə, mərhəmət və yardım ayıdır, ailələrin və icmaların bir araya gəldiyi dövrdür. Bu il dünya milyonlarla insanı təcrid olunmağa və sosial məsafə saxlamağa məcbur etmiş pandemiya ilə mübarizə apardığına görə uzunmüddətli Ramazan ənənələrini cəmiyyətin sağlamlığını qorumaq üçün nəzərdə tutulan tədbirlərə adaptasiya etmə lazım gələcək.

Bu il Ramazan qaydalarına riayət edən milyonlarla qaçqın və məcburi köçkün artıq çətin reallıqla üzləşirlər. Qaçqınların çoxu məhrumiyyətlər içərisində yaşayır, hazırda yox səviyyəsinə enmiş təsadüfi iş imkanlarına bel bağlayırlar, belə ki, hərəkət məhdudiyyətləri və ictimai sağlamlığın qorunmasına yönələn digər tədbirlər qlobal iqtisadi tənəzzülə gətirib çıxarır. Çoxları uzun illərdir ki, didərgin düşmüşlər və artıq gündəlik yemək vaxtlarının bir qismini buraxmaq, yaxud uşaq əməyinə və ya məcburi nikahlara əl atmaq məcburiyyətindədirlər.

BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK koronavirusla (COVİD-19) mübarizə üzrə milli planların qaçqınlara və məcburi köçkünlərə də şamil olunması üçün hökumətlər və humanitar tərəfdaşlarla işləyir və nağd və digər formalarda yardımları genişləndirir. Amma hazırda bu insanların bu çətin dövrdən salamat çıxmasının təmin edilməsinə köməklik üçün təcili və əlavə maliyyə dəstəyinə ehtiyac vardır.

Müqəddəs Ramazan ayına təsadüf edən bir vaxtda bu gün BMT QAK ən həssas durumda olan qaçqın və məcburi köçkünlər üçün vəsait toplanmasına köməklik göstərməkdən ötrü “Hər bir payın yeri var” qlobal vəsait yığımı kampaniyasına başlayıb. Koronavirus (COVİD-19) böhranı şəraitində daha çox insanın yoxsulluq girdabına yuvarlanmasının qarşısını almaq üçün təcili olaraq yardımlar tələb olunur.

“Zəkat vermənin həqiqi dəyərləri olan mərhəmət, səxavət və xeyirxahlıq bu gün həmişəkindən daha mühüm əhəmiyyət daşıyır”, – deyə Qrandi əlavə edib.

Qlobal Ramazan kampaniyası Suriyada, Yəməndə, İraqda və Banqladeşdəki Rohinya icmasında ən həssas durumda olan qaçqınlara və məcburi köçkünlərə, o cümlədən valideynlərini itirmiş uşaqlara, başçısı qadın olan ailələrə və ahıllara sığınacaq, ərzaq, təmiz su və nağd yardımların təmin edilməsi kimi həyati əhəmiyyətli dəstək göstərilməsi üçün əlavə vəsaitlərin toplanması məqsədini daşıyır.

Bu kampaniya BMT QAK üçün əlavə maliyyə vəsaitlərini təmin edəcək və onun mütəmadi proqramlarını həyata keçirməkdə davam etməsinə, eləcə də koronavirus (COVİD-19) pandemiyasının səbəb olduğu yeni artan tələbatların təmin edilməsi üçün olduqca zəruri olan dəstəyi göstərməsinə imkan yaradacaqdır.

SON

BMT QAK haqqında:

BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK münaqişə və təqiblər səbəbindən evlərini tərk etməyə məcbur olmuş insanların müdafiəsi üzrə beynəlxalq fəaliyyətlərə rəhbərlik edir. Biz sığınacaq, ərzaq və su kimi həyati əhəmiyyətli yardımlar təqdim edir, fundamental insan hüquqlarının təmin edilməsinə köməklik göstərir və insanların öz evləri adlandıra biləcəkləri və özləri üçün daha yaxşı gələcək qura biləcəkləri təhlükəsiz yerdə məskunlaşmasını təmin edən həll yollarını işləyib hazırlayırıq. Biz həmçinin vətəndaşlığı olmayan şəxslərə vətəndaşlıq verilməsini təmin etmək istiqamətində işləyirik.

Ramazan kampaniyası haqqında:

Hər il BMT QAK yardım və səxavət ayında ictimaiyyətə müraciət edir ki, ehtiyacı olan qaçqınlar və məcburi köçkün ailələri üçün vəsait toplanmasına kömək etsinlər. “Hər bir payın yeri var” kampaniyası BMT QAK-ın ikinci qlobal Ramazan kampaniyasıdır və bu müqəddəs ayda qaçqın ailələrinə kiçik, amma inanılmaz dəyişikliklər gətirməyə yönəlib və ictimaiyyəti evlərindən uzaqda Ramazan ənənələrinə riayət edən, çox zaman az vəsaitləri olan qaçqın və köçkün ailələrinin həyatının acılı-şirinli reallığını dəyişməyə dəvət edir. Kampaniyanın məqsədi zəkat və sədəqə də daxil olmaqla ianələr hesabına Suriyada, Yəməndə, İraqda və Banqladeşdəki Rohinya icmasında ən həssas durumda olan qaçqınlara və məcburi köçkünlərə sığınacaq, ərzaq, təmiz su və aylıq nağd yardımların təmin edilməsi kimi həyati əhəmiyyətli dəstək göstərilməsinə kömək etmək üçün əlavə vəsaitlərin toplanmasından ibarətdir. https://donate.unhcr.org/ramadan/


Create Account



Log In Your Account