Mar 05 2020 11:59
Elshad Aliyev
Views: 40

Hazırda bir neçə ölkədə yayılan koronavirus yeni bir infeksiya deyil. Bu xəstəlik ilk dəfə 2012-ci ildə aşkarlanıb. Alimlər mikroskop altında baxarkən nüvənin ətrafında zülal və lipidlərin tac əmələ gətirdiyini görüblər. “Korona” latın sözü olub, tac deməkdir.

Koronavirus kəskin infeksion virus infeksiyasıdır, əsasən antroponozdur, yəni insanlar xəstələnirlər. Lakin buna baxmayaraq, infeksiyanın mənbəyi heyvanlar, quşlar da ola bilirlər. Xəstəlik əsasən yuxarı tənəffüs yollarını zədələyib kəskin ağır formalı pnevmoniya əmələ gətirir. Virusların ölçüləri 120-160 nanometrdir, onlar ətraf mühitə qarşı dözümsüzdürlər, asanlıqla məhv olurlar, açıq sahələrdə iki saat yaşamaq qabiliyyətləri var. Günəş şüalarının və kimyəvi dərman maddələrinin təsirindən asanlıqla, 56° C temperaturda ani məhv olurlar. Kanalizasiya suyunda belə cəmi 4 saat yaşaya bilirlər. Havalar isinəndən sonra həmin infeksiyanın azalması ehtimalı var.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının yoluxucu xəstəliklər şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Sədrəddin Atakişizadə məlumat verib.

“Virusa yoluxma əsasən hava-damcı yolu ilədir. Mədə-bağırsaq sistemi vasitəsilə yoluxma halları olsa da, buna çox az rast gəlinir. Yuxarı tənəffüs yollarına düşən virus çoxalır və yavaş-yavaş ağciyərlərə doğru hərəkət edir. Ağciyərlərə düşən həmin törədicilər orada artıb-çoxalır, pnevmoniyaya çevrilir”, - deyə mütəxəssis bildirib.

Həkim-infeksionistin sözlərinə görə, xəstəliyin klinik əlamətləri hərarətin qalxması, boğaz ağrısı, udma aktının çətinləşməsi, halsızlıq, ümumi zəiflik, iştahasızlıq, mədə bulanması və tənəffüs aktının çətinləşməsidir.

Hazırda ölkəmizdə mövsümü qripə yoluxanlar var. Bu, mövsümlə əlaqədardır. Adi qrip də, koronavirus da virus infeksiyalarıdır, eyni klinik əlamətləri verirlər. Buna görə də bəziləri adi qripi koronavirus hesab edirlər. Lakin narahatlığa heç bir səbəb yoxdur, hazırda ölkəmizdə müşahidə olunan xəstəlik adi mövsümi qripdir.

Profilaktikanın müalicədən qat-qat asan olduğunu bildirən şöbə müdiri qeyd edib: “Profilaktik tədbirlər vaxtında görülsə, virus infeksiyalarına yoluxma halları azalar. Buna görə də xəstələr viruslarını ətrafa yaymamaq üçün çoxqatlı marladan hazırlanmış maska taxsınlar. Asqırıb, öskürərkən əl dəsmalından istifadə olunsun və ya sağ ya sol qolu 90 dərəcə qatlayaraq dirsək büküşünə asqırmaq lazımdır ki, ətrafa yayılmasın. Ələ asqırmaq olmaz. Həmin viruslar ələ düşə və əl gözə dəyərkən virus gözün selikli qişasına daxil ola və yenidən xəstələndirə bilər. Kollektivdə, ailədə xəstə olarsa, onların izolyasiyası lazımdır. Narahatlıq çox olarsa, həkimə müraciət edilməlidir.

Bol maye qəbulu məsləhət görülür. Yuxarı tənəffüs yollarına, ağıza düşən virusları maye mədəyə aparır, mədənin turş mühiti onların çoxunu məhv edir. Qrip əlamətləri olan insanlar bir litr suya, 3-4 qaşıq duz, 10-15 damcı yod əlavə etsinlər. Həmin məhlulu 10-15 dəqiqədən bir burunlarına damızdırsınlar, ağızlarını qarqara etsinlər, ya da az miqdarda içsinlər.

Digər profilaktik tədbirlərdən biri əllərin yuyulmasıdır. Əlləri heç olmazsa 20 saniyə axar suyun altında sabunla yumaq lazımdır. Xəstə insanlarla yaxından təmasda olmamaq tövsiyə olunur”.

Sədrəddin Atakişizadə qeyd edib ki, respublikada bir neçə nəfərdə koronavirus infeksiyasının olması təsdiq olunsa da, səhiyyə sistemi tərəfindən müvafiq tədbirlər görülür. Tədrisin dayandırılması, dezinfeksiya işlərinin aparılması, digər ölkələrlə sərhədlərin bağlanması bu infeksiyaların artmağının qarşısını alacaq: “Respublikada koronavirusla mübarizədə həm paytaxtda, həm də bölgələrdə bir neçə tibb ocağı ayrılıb, orada xüsusi tibbi heyət fəaliyyət göstərir. Xəstələrlə kontaktda olan insanlar nəzarətdə saxlanılır. Xəstəliyin inkubasiya dövrü 14 günə qədərdir. İmmuniteti yüksək olanlar bu virusa yoluxmaya bilərlər. Ona görə də qidalanmaya fikir verilməlidir, immun sistemini gücləndirən, təmiz, təbii, zülallı və karbohidratlı qidaların qəbulu artırılmalıdır. Ona görə də vitamin balansının artırılması, meyvə-tərəvəz, göyərti qəbulunun çoxaldılması məsləhət görülür”.


Create Account



Log In Your Account