May 04 2020 11:19
Elshad Aliyev
Views: 73

Azərbaycanın Daşkənddəki səfiri Hüseyn Quliyev dünyada COVID-19 koronavirusunun yayılması və ölkələrimizin xüsusi karantin rejiminə keçməsi, sərhədlərin bağlanması nəticəsində Özbəkistanda qalan vətəndaşlarımızın bir qrupu ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, səfirlikdə keçirilən görüşdə Hüseyn Quliyev vətəndaşlarımızı yaranmış vəziyyət haqqında məlumatlandırıb. Diplomat bildirib ki, koronavirus səbəbindən Azərbaycana və Özbəkistana giriş-çıxışın məhdudlaşdırılması nəticəsində bu ölkəyə müxtəlif məqsədlərlə gəlmiş 174 vətəndaşımız Daşkənd, Səmərqənd və Anqren şəhərlərində qalmalı olub. Vətəndaşlarımızın bir hissəsi qohumlarının evində, bəziləri kirayə evlərdə və mehmanxanalarda yaşamaq məcburiyyətində qalıb. Səfir vurğulayıb ki, onların bir çoxu telefonla səfirliyə müraciət edərək, Azərbaycan dövlətindən kömək istəyib.

Hüseyn Quliyev deyib : “Biz də öz növbəmizdə yaranmış vəziyyəti yüngülləşdirmək üçün səfirlikdə komissiya və fond təsis etdik, bu ölkədə qalan Azərbaycan vətəndaşlarına dair araşdırma apardıq. Səfirliyin və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, habelə Özbəkistandakı azərbaycanlı iş adamları Nazim Musazadə və Elvin Məmmədov ianə verdilər. Beləliklə, biz burada qalan vətəndaşlarımıza istər pul, istərsə də ərzaq baxımdan yardımlar etməyə başladıq”.

Görüşdə iştirak edən vətəndaşlarımızdan Sərxan Sultanov, İlqar Məciyev, Səbinə Məmmədova, Vasif Sadıqov və başqaları yardıma görə minnətdarlıqlarını bildiriblər. Onlar Azərbaycana qayıtmalarına kömək göstərilməsini xahiş ediblər.

Hüseyn Quliyev bildirib ki, Azərbaycanın və Özbəkistanın müvafiq qurumları ilə hər gün əlaqə saxlayır. Həm burada, həm də Azərbaycanda təyyarə reysləri bərpa edildikdən sonra Daşkənddən Bakıya birinci olaraq məhz həmin vətəndaşlar göndəriləcək.

Təxminən iki saat davam edən görüşün sonunda səfirlik adından vətəndaşlarımıza yardım paketi verilib.

Görüşdə iştirak etməyən bir qrup vətəndaşımıza da yardım göndərilib.


Create Account



Log In Your Account