Jan 19 2018 16:14
Naile Hesenova
Views: 1237

Krakov görüşündə həmsədrlər münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürüblər. Xarici işlər naziri Elmar Məmmədyarov ermənistanlı həmkarı ilə görüşün nəticələrini şərh edərkən belə deyib. Bildirib ki, görüş əsnasında irəli sürülən kreativ ideyalar əsasında müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər. “Prinsip etibarilə görüşlər pozitiv şəkildə keçdi. Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir". Elmar Məmmədyarov   belə deyib. ATƏT-in Minsk qrupu həmsədrləri  də  Krakov görüşünün yekunları ilə bağlı bəyanat yayıblar. ATƏT-in rəsmi internet səhifəsinə yerləşdirilən açıqlamada bildirilir ki, nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinə həsr edilən əvvəlki sammitlərdə əldə olunmuş sazişlərin reallaşdırılmasına yardım üçün növbəti addımları müzakirə ediblər.

Xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ofisinin səlahiyyətlərinin genişləndirilməsinin həyata keçirilməsi ilə bağlı həmsədrlərin nəzərdən keçirdiyi konseptual sənəd barəsində prinsipial razılaşma  da əldə ediblər. Bəyanatda qeyd olunur ki, görüşlər zamanı danışıqlar masasında olan işçi təkliflərdəki əsas həssas məsələlələr üzrə fikir mübadiləsi aparılıb. Həmsədrlər həmçinin danışıqlar prosesinə mühüm töhfə qismində etimadın möhkəmləndirilməsi üzrə tədbirlərin görülməsinə çağırıblar. Nazirlər və vasitəçilər təmas xəttində nisbi sakitliyin olduğunu etiraf ediblər. Həmsədrlər tərəfləri bu müsbət tendensiyanı möhkəmləndirməyə çağırıblar. Siyasi analitiklər  əldə olunan razılıqlar içərisində “konfliktin münaqişə zonası ərazilərinə təsiri istiqamətində qiymətləndirmənin aparılması” ilə bağlı məsələni müsbət qarşılayıblar. Onların fikrincə, bu cür monitorinqlər cəbhə bölgəsində gedən prosesləri, ermənilərin  yaşayış  məskənlərini  və dinc sakinləri  atəşə tutmasını  dünyaya çatdırmağa kömək edəcək.

Siyasi ekspertlərin fikrincə, yeni ideyalar əsasında danışıqların davam etdirilməsinə dair razılığın əldə olunması müsbət haldır. Amma ATƏT sədrinin xüsusi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsinə münasibət birmənalı deyil.

Krakovda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar 6 saata yaxın davam edib. Xarici işlər naziri Elmar Məmmədyarov əvvəlcə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb. Sonra həmsədrlərin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüş baş tutub. Bunun ardınca isə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri təkbətək görüşüblər. Danışıqlardan sonra Elmar Məmmədyarov yenidən ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb.

 


Create Account



Log In Your Account