Apr 14 2020 15:26
Elshad Aliyev
Views: 95

Körfəz ölkələrində COVID-19 pandemiyası ilə əlaqədar son vəziyyət açıqlanıb. AZƏRTAC xəbər verir ki, Körfəz Əməkdaşlıq Şurasına üzv olan altı ölkədə aprelin 13-də yeni növ koronavirusa 15 mindən çox insanın yoluxduğu bildirilir. Eyni zamanda, bu regionda xəstəlikdən ölüm halları azalmaqda davam edir.

Regionda ən çox yoluxma halları Səudiyyə Ərəbistanında (4934 nəfər) qeydə alınıb. Krallıqda indiyədək yeni növ koronavirusdan 65 nəfər dünyasını dəyişib. Lakin əhalisinin sayı 34,76 milyona çatan ölkədə hər milyon nəfərə 141 yoluxma düşür, halbuki, Qətərdə bu rəqəm 1207, Bəhreyndə 883, Birləşmiş Ərəb Əmirliklərində 411, Küveytdə 276, Omanda isə 164 nəfərdir.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) indiyədək koronavirusa 4520 nəfər yoluxub, 25 insan xəstəlikdən həyatını itirib. Turist axını, o cümlədən Çindən gələnlərin çox olduğu bu ölkədə COVID-19 virusu ilə mübarizə məqsədilə ümumi dezinfeksiya kampaniyasının aparılması, habelə mükəmməl səhiyyə sisteminin mövcudluğu xəstəliyin daha ağır fəsadlarının qarşısını alıb. BƏƏ Səhiyyə və Profilaktika Nazirliyi bəyan edib ki, yaxın üç həftə ərzində epidemiyanın tamamilə qarşısını almaq niyyətindədir.

Qətərdə indiyədək 3231 nəfər koronavirusa yoluxub. Bu, əhalinin sayı nəzərə alındıqda Körfəz ölkələri arasında ən yüksək rəqəmdir. Rəsmi məlumatlarda qeyd olunub ki, Qətərdə COVID-19 virusuna yoluxanların əksəriyyəti tikintidə, xüsusən idman obyektlərində çalışan miqrantlardır.

Aprelin 14-nə olan rəsmi məlumatlara əsasən, Körfəz ölkələrindən Küveytdə indiyədək koronavirusa 1300, Bəhreyndə 1361, Omanda 727 nəfər yoluxub.


Create Account



Log In Your Account