Mar 06 2020 14:58
Elshad Aliyev
Views: 189

Martın 6-da Trend İnformasiya Agentliyində Almaniyanın Ştutqart şəhərində keçirilən İKA – Dünya Kulinariya Olimpiadasında və Rusiya Federasiyası Çeçenistan Respublikasının Qroznı şəhərində təşkil olunan “Xalyar (pəl, yabanı soğan, yabanı sarımsaq) Festivalı”nda iştirak edən Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) əldə etdiyi nəticələrlə bağlı mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov İKA-nın 1930-cu ildən başlayaraq dörd ildən bir Almaniyada keçirildiyini, kulinariya, qida, restoran biznesi sahəsində dünyanın ən böyük sərgisi və yarışı olduğunu söyləyib. Bildirib ki, yarışda 67 ölkədən 1800-ə yaxın aşpaz qatılıb, bunlardan 110-u komanda, 800-dən çoxu isə fərdi iştirakçı olub.

Qeyd edib ki, 28 komandanın iştirak etdiyi ketrinq yarışlarında ölkəmiz uğurla çıxış edib və 4-cü yerə sahib olub. Danimarka, Finlandiya, İsveç, İsveçrə qızıl, Kanada, Almaniya, Norveç və ABŞ gümüş medal qazanıb. Azərbaycan və Avstraliya komandaları isə diploma layiq görülüb.

Tahir Əmiraslanov Qroznı şəhərində Çeçenistan Turizm Nazirliyi, Qroznı şəhər meriyası və Qərbi Qafqaz Aşpazlar Gildiyasının təşkilatçılığı və Dünya İslam Kulinariya Birliyinin dəstəyi ilə keçirilən “Xalyar Festivalı” haqqında da məlumat verib. Bildirib ki, festivalda 20 minə yaxın qonaq iştirak edib. Bunlar xalyar yetişən Qafqaz regionu və xalqlarıdır. Festivalda ölkəmiz 12 nəfərdən ibarət komanda ilə yarışıb. Qeyd edib ki, çempionat qara qutu sinfində keçirilib. Qara qutu sinfində 14 komanda yarışıb. Bunların üçü Azərbaycan, biri Gürcüstan, digərləri isə Rusiya Federasiyasının Qafqaz region komandaları olub. Yarışmada birinci yeri Azərbaycan komandası tutub və qızıl medala layiq görülüb.

Tədbirdə çıxış edən digər natiqlər də kulinarlarımızın beynəlxalq yarışlarda iştirakını yüksək qiymətləndiriblər və onlara uğurlar arzulayıblar.

Sonra KİV nümayəndələrinin sualları cavablandırılıb.


Create Account



Log In Your Account