May 11 2020 14:15
Elshad Aliyev
Views: 305

Kiyevdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan “Mənim üçün Azərbaycan multikulturalizmi nə deməkdir?” mövzusunda videoişlərin Ümumukrayna müsabiqəsinin qaliblərinin adları elan olunub.

AZƏRTAC xəbər verir ki, müsabiqə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən təşkil olunub.

Müsabiqədə birinci yeri Yuliya Qavrilko (M.P.Draqomanov adına Milli Pedaqoji Universitet), ikinci yeri Sofiya Nazarova (T.Q.Şevçenko adına Kiyev Milli Universiteti) tutub. Üçüncü yeri isə David Qogiya (Kiyev Milli Mədəniyyət və İncəsənət Universiteti) və Emil Musayev (Kiyev Mədəniyyət Universiteti) bölüşüblər. Müsabiqənin finalçılarına fəxri fərmanlar və hədiyyələr təqdim olunacaq.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icrası direktoru Rəvan Həsənov deyib: “Multikulturalizm Heydər Əliyev irsinin ayrılmaz hissəsidir. Azərbaycan multikulturalizm və tolerantlıq siyasətinə sadiq qalır. İdentiklik, nifrət və dözümsüzlüklə bağlı münaqişələrlə dolu olan dünyada bu ölkə multikulturalizmin mayakı kimi tanınıb. Azərbaycan sübut edib ki, xalqlar mühüm və dəyişməz mədəni plüralizm alqoritminin köməyi ilə əməkdaşlıqda nailiyyət əldə edirlər. Bu, narahat dünyada münaqişəsiz həyata köklənən Azərbaycanın uğurlarını təmin edən amillərdən biridir. Cəmiyyət belə sağlam yanaşmanı nəinki dəyərləndirir, həm də dəstəkləyir. Çünki qarşılıqlı anlaşma, səmimilik və dialoq daim sabitliyin açarı olub və olacaq. Azərbaycanın milli siyasətinin patriarxı Heydər Əliyev bunu yüksək qiymətləndirir, özünün enerjisi və müdrikliyi ilə dəstəkləyirdi”.

Müsabiqənin kuratoru, BBMM-nin əməkdaşı Marina Qonçaruk bildirib ki, tələbələr yaradıcı tapşırığın yerinə yetirilməsinə çox fəal və kreativ yanaşıblar. Tələbələrin Azərbaycan multikulturalizminə dair müsabiqə haqqında məlumatlandırılmasında universitetlər xüsusi fəallıq göstəriblər.

Marina Qonçaruk deyib: “Ukraynanın müxtəlif guşələrindən olan gənclərin Azərbaycan haqqında geniş biliklərə malik olması məni çox sevindirdi, onlar Azərbaycan multikulturalizmi konsepsiyası barədə daha çox öyrənmək istəyini nümayiş etdirdilər. Bu, ölkələrimiz arasında dostluq əlaqələrinin inkişaf perspektivlərini sübut edir”.

Müsabiqənin finalçılarından biri olan David Qogiya Ukrayna gəncləri ilə sıx əməkdaşlığa, Azərbaycan multikulturalizmi konsepsiyasının öyrənilməsi və Azərbaycanda beynəlxalq multikulturalizm məktəbləri ilə tanış olmaq fürsəti yaratdığına görə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə minnətdarlığını bildirib. D.Qogiya deyib: “Mən bir ukraynalı gürcü kimi, tolerant mühitdə yaşadığıma görə çox şadam. Bu mühitdə hamı Azərbaycan multikulturalizmi konsepsiyasını maraqla öyrənir, mədəniyyətlərarası və dinlərarası dialoqdan bəhs edirlər. Mən beynəlxalq münasibətləri öyrənirəm və hesab edirəm ki, belə informasiya çox mühümdür. Mən minnətdaram ki, müsabiqə çərçivəsində Azərbaycan multikulturalziminin mənim üçün nə demək olduğu barədə danışmaq imkanım oldu”.


Create Account



Log In Your Account