Aug 03 2020 16:35
Elshad Aliyev
Views: 136

Bu gün Kiyevin mərkəzində bir bank şöbəsi naməlum şəxs tərəfindən zəbt edilib. Hüquq mühafizəçiləri onun silahlı olub-olmadığını bilmirlər. Hazırda cinayətkarla danışıqlar aparılır.

AZƏRTAC xəbər verir ki, Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşşenko bunu “Ukraina-24” telekanalının efirində bildirib. Onun sözlərinə görə, bankı zəbt etmiş şəxs onun yanına jurnalistlərin buraxılmasını tələb edir.

Geraşşenko deyib: “Polis hadisə yerini mühasirəyə alıb. Hazırda cinayətkarla danışıqlar aparılır. Biz onun təslim olmasını tələb edirik, o isə müsahibə vermək üçün KİV nümayəndələrinin onun yanına buraxılmasını tələb edir. Hadisələr Lutskdakına oxşar ssenari üzrə inkişaf edir. Lakin Lutskda terrorçunun əlində əsl bomba olduğu məlum idi, burada isə onun əlində həqiqi bomba, həqiqi silah olub-olmadığını bilmirik”.

Nazir müavini daha sonra bildirib ki, ilkin məlumat görə, cinayətkar heç kəsi girov saxlamayıb, bankın bütün əməkdaşlarını buraxıb. Lakin bank şöbəsi rəhbərinin özünün verdiyi məlumata görə, o, binada qalıb.

Xatırladaq ki, bu gün gündüz saat 12:00 radələrində naməlum şəxs “Universal Bank”ın “Leonardo” biznes mərkəzindəki şöbəsini zəbt edib. Onun sözlərinə görə, portfelində bomba var və həmin bombanı partladacağı ilə hədələyir.


Create Account



Log In Your Account