Jun 01 2020 16:58
Elshad Aliyev
Views: 150

İspaniyanın populyar “La Vanguardia” qəzeti Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun işğal olunmuş ərazilərin azad edilməsinə dair bəyanatı ilə bağlı məqalə dərc edib.

AZƏRTAC xəbər verir ki, məqalədə nazirin bəyanatına əsasən, Ermənistan silahlı qüvvələri tərəfindən 1991-1994-cü illər müharibəsi dövründə işğal edilmiş ərazilərin geri qaytarılması üçün Azərbaycanın Müdafiə Nazirliyinin güc tətbiq etməyə hazır olduğu qeyd edilir. Qəzetdə Z.Həsənovun bu sözləri sitat gətirilir: “Ermənistanla yalnız güc dili ilə danışmaq mümkündür və bu iki ölkə arasında növbəti qarşıdurma düşmənin tamamilə darmadağın edilməsi ilə nəticələnəcək”.

“Bizim görəcəyimiz tədbirlər 2015, 2016 və 2018-ci illərlə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq”, - deyə regionda son gərgin vəziyyətə münasibət bildirən Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.

Məqalədə Azərbaycanda ötən həftə keçirilmiş genişmiqyaslı hərbi təlimlərin Müdafiə naziri tərəfindən yüksək qiymətləndirildiyi, Ermənistan tərəfindən isə mühakimə edildiyi qeyd olunur.

“La Vanguardia” diqqəti 1980-ci illərin sonlarında Ermənistan və Azərbaycan arasında başlanmış Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan ordusu tərəfindən Dağlıq Qarabağın, həmçinin “təhlükəsizlik zolağı” adlandırılan geniş ərazinin işğal edilməsinə yönəldib. Məqalədə, həmçinin işğal olunmuş ərazilərin BMT-nin qətnamələrinə müvafiq qaydada azad edilməsini Azərbaycanın münaqişənin həllində əsas şərt kimi irəli sürməsi vurğulanıb.


Create Account



Log In Your Account