Dec 05 2019 11:14
Elshad Aliyev
Views: 324

Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı işinin daha da yaxşılaşdırılması məqsədilə Türkiyə Respublikasının istehsalı olan mühəndis texnikalarının növbəti hissəsi silahlanmaya daxil edilib.

Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Türkiyə Respublikasının HİDROMEK şirkətinin istehsalı olan təkərli və tırtıllı yükləyici, ekskavator və qreyderlər, eləcə də onların ehtiyat hissələri Naxçıvan Muxtar Respublikasına Araz çayı üzərindəki “Ümid” körpüsündən xüsusi daşıma vasitələri ilə gətirilib.

Mühəndis texnikalarının silahlanmaya daxil edilməsi münasibətilə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində mərasim keçirilib.

Mərasimdə hərbi hissənin zabiti Ramil Dadaşov və HİDROMEK şirkətinin nümayəndəsi Murad Armağan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mövcud olan yüksək səviyyəli hərbi əməkdaşlıqdan danışıblar. Bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”ə əsasən yeni texnikaların silahlanmaya qəbul edilməsi mühəndis təminatı bölmələrinin texniki imkanlarının Türkiyənin milli istehsalı olan texnikalarla gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Çıxışların ardından texnikaları gətirmiş heyətə Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, qardaş Türkiyənin HİDROMEK şirkətinin mühəndisləri tərəfindən hazırlanmış təkərli və tırtıllı yükləyici, ekskavator və qreyderlər bir çox üstünlüklərə malikdir. 40 ildən artıq istehsal təcrübəsi olan HİDROMEK şirkətinin istehsal etdiyi mühəndis texnikaları davamlılığı, yanacağa qənaəti və rahatlığı ilə seçilir. Müasir dizayn və texnologiyalı HİDROMEK maşınları fərqli iş şəraitlərində operatorun rahat və təhlükəsiz işləməsini təmin edir.

Beynəlxalq nüfuzlu dizayn mükafatlarına layiq görülmüş HİDROMEK texnikaları inşaat maşınları bazarında özünəməxsusluğu ilə seçilir. Təkərli və tırtıllı ekskavatorlar ağır tikinti işlərində fasiləsiz işləyə bilir. Qabaqcıl texnologiya ilə istehsal olunan arxa yükləyicilər çətin şəraitdə ildə 2000 saatdan artıq istifadə üçün nəzərdə tutulub. Bu yükləyicilər geniş görüntü bucağı və operator üçün rahat iş mühiti ilə ən çətin şəraitdə belə görülən işi asanlaşdırır. HİDROMEK şirkətinin istehsal etdiyi qreyderlər qazma, kəsmə və kürümə ilə bərabər müxtəlif işlər üçün təyin olunub.


Create Account



Log In Your Account