Dec 16 2019 10:42
Elshad Aliyev
Views: 141

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri (Aİİ) “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmini izləyiblər.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, sənədli film ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanıb.

Ulu Öndər Heydər Əliyevin Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək həssaslıqla yanaşmasından, bu sahədə göstərdiyi misilsiz xidmətlərdən bəhs edən sənədli filmdə keçmiş sovet dövründə və müstəqillik illərində milli və dini dəyərlərimizin, eləcə də adət-ənənələrimizin qorunması, xalq arasında təbliği və təşviqi istiqamətində görülən işlər xronoloji ardıcıllıqla təqdim olunur.

Sənədli filmdə ölkəmizdə 1969-cu il iyulun 14-dək olan dövrdə ictimai-siyasi vəziyyət, milli-mənəvi dəyərlərimizin məhv edilməsi istiqamətində edilən hücumlar təsvir olunur və Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra baş vermiş dəyişikliklərdən danışılır.

“Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə, Xalq şairi Nəriman Həsənzadə, Xalq artistləri Əlibaba Məmmədov və Mənsum İbrahimov Ulu Öndər haqqında indiyədək səslənməyən xatirələrini bölüşüblər. Sənədli filmdə müxtəlif dövrləri özündə əks etdirən videoxronikalardan və arxiv materiallarından istifadə olunub.

Xatırladaq ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə, mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanmasına, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.


Create Account



Log In Your Account