Dec 16 2019 15:14
Elshad Aliyev
Views: 130

Kolumbiyanın paytaxtı Boqota şəhərində UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyası keçirilib. Sessiya çərçivəsində UNESCKO-da akkreditasiyadan keçmiş qeyri hökumət təşkilatlarının beynəlxalq forumu reallaşıb. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov forumda ölkəmizi təmsil edib.

AZƏRTAC xəbər verir ki, İctimai Birliyin nümayəndəsi forumda “Musiqi ilə qaranlığı aydınlatma” adlı layihənin təqdimatını edib.

Layihə çərçivəsində Azərbaycanda görmə məhdudiyyətli musiqiçilərin beynəlxalq festivalının təşkil olunacağı diqqətə çatdırılıb. Forum iştirakçıları görmə məhdudiyyətli azərbaycanlı musiqiçilər haqqında nümayiş edilən qısa filmi böyük maraqla qarşılayıb.

F. Qasımov sessiyanın açılış mərasimində UNESKO-nun Baş direktoru Odri Azuley ilə görüşüb və İctimai Birliyin yeni layihəsi barədə məlumat verib. Odri Ozuley İctimai Birliyin “Musiqi ilə qaranlığı aydınlatma” layihəsinə dəstəyini ifadə edib.

Xatırladaq ki, 2016-cı il iyunun 1-də UNESKO-nun “Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya”ya üzv dövlətlərin Baş Assambleyasının 6-cı sessiyasında “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin UNESKO-da akkreditasiyasına dair qərar qəbul olunub və İctimai Birliyə qurumda məsləhətçi status verilib.


Create Account



Log In Your Account