Mar 23 2017 15:56
Ulviyye Sabirqizi
Views: 1473

Londonda baş verən terror aktı ilə əlaqədar araşdırma davam edir.

London polisinin məlumatına görə, terrorçu hadisəni təkbaşına törədib.

Onun şəxsiyyəti də hüquq-mühafizə orqanlarına məlumdur. Amma açıqlanması məqsədəuyğun hesab edilmir. Terror aktı ilə əlaqədar London və Birmingemdə axtarışlar aparılıb, həbs olunanlar var. Mark Rouli, London polisinin rəsmisi: “Biz 6 ünvanda axtarış aparmışıq və 7 nəfər saxlanıb. Təhqiqatlar davam etdirilir”. Hadisədən dərhal sonra baş nazirin rəhbərliyi ilə ölkənin təhlükəsizlik şurasının iclası keçirilib. Baş nazir Tereza Mey qanlı hadisənin məhz parlament binası yaxınlığında təşkil edilməsinin təsadüf olmadığını deyib. Bildirib ki, bu hadisə demokratiyaya və demokratik dəyərlərə edilmiş bir hücumdur. Bu gün parlament fəaliyyətini davam etdirib və baş nazir deputatlar qarşısında çıxış edərək ölkəsinin terrordan qorxmadığını bəyan edib. Hadisədən sonra dünyanın əksər ölkələrindən Böyük Britaniyaya dəstək gəlib. Fransada məşhur “Eyfel” qülləsinin işıqları terror qurbanlarının xatirəsinə ehtiram olaraq söndürülüb. Təl-Əvivin Rabin meydanında isə İsrail bayrağı Böyük Britaniya bayrağı ilə əvəz edilib. Xatırladaq ki, martın 22-də günorta saatlarında Londonun məşhur Vestminster körpüsünün üzərində terror aktı baş verib. Naməlum şəxs əvvəlcə avtomobili körpüdəki piyadaların üzərinə sürüb. Parlament binasına çatdıqda polis onu saxlamağa çalışıb. Bu zaman terrorçu bıçaqla polisə hücum edərək onu öldürüb. Digər asayiş keşikçiləri terrorçunu güllələyərək zərərsizləşdiriblər. Terror hadisəsi nəticəsində 5 nəfər ölüb, 40-a yaxın yaralı var.


Create Account



Log In Your Account