Sep 13 2017 11:08
Ferah Sabirqizi
Views: 36

Görkəmli alim Lütfi Zadə Azərbaycanı dünyada tanıdıb. Onun elmi fəaliyyəti hər bir azərbaycanlı alim üçün nümunə olmalıdır. AMEA-nın İdarəetmə sistemləri İnstitutunun direktoru Telman  Əliyev belə deyir. Akademik ilk dəfə Lütfi Zadə ilə San -Fransiskoda –alimin 90 illik yubileyinə həsr olunan tədbirdə görüşüb, Azərbaycanda elmin inkişafına dair ətraflı müzakirə aparıb.

“Biz onun adına burda akademiya yaratmışıq. Mən ona məlumat verdim ki akademiya nə ilə məşğuldur. Çox xoşuna gəldi bizim gördüyümüz işlər. Biz onun qarşısında elmi çıxış elədik, məruzə elədik, ona bir növ imtahan verdik. O çox fəxr elədi ki, Azərbaycan bu cür böyük diqqət göstərir. Sonra dövlətimiz onu Azərbaycana dəvət elədi”.

Lütfi Zadənin Bakıya səfərini xatırlayan akademikin sözlərinə görə, o, Azərbaycanda keçirdiyi görüşlərdən böyük təəssüratla ayrılıb. Azərbaycanın gələcəyi və indiki durumuna dair gözəl fikirlər söyləyib. Lütfi Zadə Bakıya səfər edəndə özünün oxuduğu məktəbə də gedib. 

“Getdik, öz oxuduğu sinfə girdi, şagirdlərlə tanış oldu, qucaqladı onları. Müəllimlər gəldilər. Maraqlısı odur ki, biz də vaxtilə informasiya sahəsində ilk hesablama mərkəzini ilk dəfə həmin binada başlamışıq. Biz ona deyəndə ki, ilk hesablama mərkəzi burada yaranıb, dedi ki, bu, Allahın işidir. Dünyada 5-6 ölkədə belə bir mərkəz yaradılmışdı. Onlardan biri də Azərbaycandır”.

Dünya şöhrətli alim Lütfi Zadə ABŞ-da yaşayıb işləyən azərbaycanlı gənclərə çox kömək edib. Onların elm aləmində ilk addımlarını atmasına yardımçı olub. Digər tanınmış alimlərdən fərqli olaraq, Lütfi Zadənin nəzəriyyələri onun sağlığında ikən dünyada qəbul edilib. Bu da elm adamı üçün böüyk nailiyyət və xoşbəxtlikdir 

«Hələ onun əsərləri, nəzəriyyələri tam istifadə olunmayıb. İllər, əsrlər keçəcək, o, daha yaxşı başa düşüləcək, daha geniş istifadə ediləcək. Çünki onun nəzəriyyələri imkan verir ki, insan həyatda necə düşünürsə, texnika da o cür işləsin. İnsan düşünən kimi işləsin. Bu tamamilə yeni nəzəriyyə yeni elmi səviyyədir”.

Akademik Telman Əliyev deyir ki, Azərbaycan xalqı və dövlətçiliyinə böyük hörmət və sevgi bəsləyən Lütfi Zadənin doğma yurdunda dəfn olunması düzgün addımdır. Bu cür dahi alim və şəxsiyyətin vəfatı hər kəs üçün böyük itkidir. Çünki Lütfi Zadə Azərbaycan xalqının əsrlər boyunca fəxr edəcəyi bir insandır. Və dünyanın hər yerindən elm aşiqləri yüz illər bounca onun Azərbaycandakı məzarını ziyarət edəcəklər.

 


Create Account



Log In Your Account