Aug 10 2020 17:31
Elshad Aliyev
Views: 109

Livanın Baş Naziri Həsən Diyab keçirdiyi mətbuat konfransında tezliklə istefa verəcəyini, bununla bağlı Prezident Mişel Auna müraciət etdiyini açıqlayıb.

Avqustun 4-də Beyrut limanında baş verən və 158 nəfərin ölümünə səbəb olan partlayışdan, həmçinin paytaxtda hökumət əleyhinə davam edən etiraz mitinqlərindən sonra Livan hökumətinin 4 üzvü və parlamentin 9 deputatı istefa verib.

AZƏRTAC xəbər verir ki, İnformasiya naziri Manal Abdel Səməddən və Ekologiya naziri Demianos Kattardan sonra, avqustun 10-da Ədliyyə naziri Mari Klod Nəjm, Maliyyə naziri Qazi Vəzni də istefa verdiklərini açıqlayıblar. “Hezbollah” hərəkatı və onun müttəfiqləri ilə hökumət koalisiyasına daxil olan nazirlərdən başqa, 9 deputat da ölkədəki vəziyyətə etiraz əlaməti olaraq istefa verdiklərini elan ediblər. Livanın Xarici İşlər naziri Nəssif Hitti də bu hadisələrdən bir neçə gün əvvəl istefa vermişdi.

Avqustun 9-da keçirilən Livana yardım üzrə donor dövlətlərin virtual iclasında Beyrutun bərpasına və humanitar fəlakətin qarşısının alınmasına 126 milyon dollar vəsait ayrılması nəzərdə tutulub. Lakin donor dövlətlərin başçıları Livanda korrupsiyanı nəzərə alaraq, həmin pulların təyinatı üzrə xərclənməsi tələbini irəli sürüblər.


Create Account



Log In Your Account