Sep 02 2017 09:52
Ferah Sabirqizi
Views: 86

Liviyada həbsdə olan üç Azərbaycan vətəndaşı - Salmanov Namiq Yusif oğlu, Rəşidbəyli Mövlud Firudin oğlu və Əliyev Fərid Hüseyn oğlu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Liviyanın müvafiq qurumları ilə apardığı uzun danışıqlardan sonra avqustun 31-də azad olunublar.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildiriblər ki, Türkiyə şirkətinə məxsus "Kalkanlar 1" gəmisinin ekipaj üzvü olan sözügedən vətəndaşlarımız 2016-cı il fevralın 27-dən itkin düşmüş şəxslər kimi axtarışa veriliblər. Özlərinin ailələrinə etdikləri sonuncu telefon zəngində gəminin batırıldığına dair məlumat versələr də, ətraflı danışa bilməmişdirlər. XİN-in axtarışlarından sonra adıçəkilən şəxslərin Liviyanın Sirt şəhərində “İslamiyə qüvvələri” tərəfindən girov götürüldüyü məlum olmuşdu.

Azərbaycanın Liviyada diplomatik nümayəndəliyi fəaliyyətini dayandırdığı üçün Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyinə konsulluq dəstəyi göstərməsi üçün müraciət edilmişdi. Eyni zamanda, vətəndaşlarımızın azad edilməsini təmin etmək üçün Liviyanın Azərbaycandakı səfirliyi ilə mütəmadi əsasda təmaslar davam etdirilib. Həmçinin sözügedən vətəndaşların ailə üzvləri ilə davamlı olaraq XİN-in Konsulluq İdarəsində görüşlər keçirilib, narahatlıqları dinlənilib və atılan addımlar barədə məlumat verilib.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşlarımızın girovluqdan azad edilməsi və dövlət orqanlarının nəzarətində olan əraziyə gətirilməsi təmin olunub. Onlara qarşı Liviya ərazisindən qanunsuz şəkildə dizel yanacağının çıxarılması ilə büdcəyə külli miqdarda ziyan vurmaq barədə ittihamlar irəli sürülüb.

Eyni zamanda, Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyindən təcridxanaya baş çəkib Azərbaycan vətəndaşlarının saxlanma şəraiti ilə maraqlanması xahiş olunub. Onların ailə üzvləri ilə telefonla əlaqə saxlamaları təmin olunub. Bununla yanaşı, XİN Liviyanın Azərbaycandakı səfirliyi vasitəsilə ittiham aktının təqdim olunmasını və konsulluq yardımının göstərilməsini tələb edib.

2017-ci il sentyabrın 2-də vətandaşlarımız Liviyadan Türkiyənin İstanbul şəhərinə gətirilib. İstanbuldakı baş konsulluğumuz tərəfindən onlar üçün sərhədkeçmə sənədləri hazırlanıb və təyyarə ilə Bakıya yola salınıblar.

Azərbaycan Xarici İşlər Nazirliyi göstərdiyi dəstəyə görə qardaş Türkiyənin Liviyadakı diplomatik nümayəndəliyinə, Bakıdakı səfirliyinə və Türkiyə Xarici İşlər Nazirliyinə dərin təşəkkürünü bildirir.


Create Account



Log In Your Account