Dec 10 2019 15:16
Elshad Aliyev
Views: 158

Dekabrın10-da “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsində İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində “Bir əsrlik Nəsimi araşdırmaları” kitabı da təqdim olunub.

Konfransda “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun İdarə Heyətinin üzvü Cavid Kazımov bildirib ki, ölkəmizdə 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamına əsasən illik tədbirlər planı tərtib edilib. Plana uyğun olaraq il ərzində qoruq idarəsi tərəfindən müxtəlif formatlı tədbirlər keçirilib. Nəticə etibarilə respublikamızın tanınmış nəsimişünas alimləri, müasir türk şərqşünasları və klassik tədqiqatçılar tərəfindən yazılmış elmi əsərlərdən ibarət “Bir əsrlik Nəsimi araşdırmaları” adlı kitab ərsəyə gəlib.

Milli Məclisin komitə sədri, akademik Rafael Hüseynov deyib: “Nəsimi mahiyyəti, düşüncəsi, fəlsəfəsi etibarilə insan ruhunun azadlığı deməkdir. Ruhun azadlığın ifadəçisi olan Nəsiminin dili əslində qeyd edilən 100 illik müstəqilliyimizin davamı deməkdir”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Nəsimin anadan olması münasibətilə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsünü yüksək dəyərlənidrən akademik deyib ki, 1417-ci ildə Nəsiminin həyat “ağacı”nı köklü formada yerindən çıxartdılar, amma indi Nəsiminin şərəfinə 650 min ağac əkilir.

R.Hüseynov qeyd edib ki, ortaya çıxan bu kitab Nəsimin qayıdışı sayıla bilər. Onun qayıdışı 1926-cı ildə söz loğmanımız Salman Mümtazdan başlanır. O, araşdırmalarında ilk dəfə Azərbaycan insanına Nəsimi şeirlərini təqdim etməklə böyük nəsimişünaslıq yolunun başlanğıcını qoyub. Salman Mümtaz Azərbaycan klassik ədəbiyyatını beşguşəli ulduza bənzədirdi. O, hər guşəni bir klassikə bağlayırı - Qazi Bürhanəddin, Həbibi, Şah İsmayıl Xətai, Nəsimi və Füzuli. Nəsimi klassik ədəbiyyatımızın ən zirvə şəxsiyyətlərindən biridir.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamları Nəsimi irsinin daha geniş tədqiqinə və şairin daha geniş coğrafiyada tanınmasına təkan verib.

Yazıçı-publisist Səadət Şəfiyeva kitab haqqında və orada yer alan elmi məqaləsi barədə danışıb. Bildirib ki, sözügedən kitab dünya kitabxanalarına da təqdim olunacaq.

Sonda Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyası şagirdlərinin ifasında “Nəsimi” adlı kompozisiya təqdim edilib.

Tədbir çərçivəsində Nəsiminin miniatür obrazlarını əks etdirən rəsm sərgisi də nümayiş olunub.


Create Account



Log In Your Account