Feb 25 2020 10:03
Elshad Aliyev
Views: 94

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, İspaniya ictimaiyyətinin, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Mərasimdə əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verərək, bu qətliamın təcavüzkar erməni millətçilərinin əsrlərboyu xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin nəticəsi olduğunu qeyd edib.

1918-ci il mart soyqırımına toxunan səfir A.Məhərrəmov, insanlığa qarşı yönəlmiş bu faciə nəticəsində 12 min azərbaycanlının qəddarlıqla qətlə yetirildiyini, 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarının kobud şəkildə pozulması ilə Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyini, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayıb.

Səfir bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilmiş soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 155 nəfər itkin düşüb.

Xocalı soyqırımına ilk dəfə olaraq hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini bildirən səfir Anar Məhərrəmov, 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən fevralın 26-nın “Xocalı soyqırımı günü” kimi qəbul edildiyini diqqətə çatdırıb.

Səfir A.Məhərrəmov vurğulayıb ki, dünyanın bir sıra ölkələrində Xocalı soyqırımı ilə bağlı müvafiq hüquqi və siyasi sənədlərin qəbul edilməsinə baxmayaraq, insanlıq əleyhinə olan bu cür ağır cinayətə beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməməsi təəssüf doğurur.

A.Məhərrəmov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası barədə məlumat verərək, kampaniyanın əsas məqsədinin Xocalıda baş verən soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Xocalı qurbanlarının xatirəsinin yad edilməsi olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi olaraq vurğulanıb ki, fevral ayında təşkil olunmuş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair keçirilmiş panel müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən münaqişənin tarixi, hüquqi aspektləri, beynəlxalq ictimaiyyətin mövqeyi və danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verilib.

Ərazilərinin işğal altında olmasına baxmayaraq, Azərbaycanın bu gün regionda lider ölkəyə çevrildiyi, bir çox iri regional layihələrinin təşəbbüskarı və iştirakçısı olduğu qeyd edilib.

Daha sonra çıxış edən Türkiyənin İspaniyadakı səfirliyinin müşavir-elçisi Selin Özaydın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq, Xocalı qətliamını törədənlərin cəzalandırılmasının, işğal edilmiş Azərbaycan torpaqlarının tezliklə azad olmasının vacibliyinə diqqəti çəkərək, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.

Anım mərasimində çıxış edən “Patrimonio Actual” jurnalının direktoru, UNESCO-nun Beynəlxalq Şurasının üzvü Xuan İqnasiyo Vesino Xocalı qətliamının XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu, beynəlxalq hüququn hamı tərəfindən tanınmış prinsip və normalarının, xüsusilə insan hüquqlarının kobudcasına pozularaq soyqırımı cinayətinin törədildiyini qeyd edib. Azərbaycan ərazilərinin işğalı zamanı vandalizm aktlarının törədilməsinə diqqəti çəkən X.İ.Vesino, işğal edilmiş ərazilərdə tarixi, dini, mədəni abidələrin dağıdıldığını nəzərə çatdırıb.

Çıxışlardan sonra “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış, müxtəlif dillərdə Xocalı soyqırımı ilə bağlı faktları və çağırışları əks etdirən qısametrajlı filmlər göstərilib.

Sonda qonaqlar Xocalı faciəsi haqqında fotosərgi ilə tanış olublar.

Tədbirdə nümayiş olunanlar iştirakçılar tərəfindən böyük kədər hissi ilə qarşılanıb, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı soyqırımı cinayəti qətiyyətlə pislənib.

Anım mərasimi zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair və Xocalı soyqırımının dəhşətlərini əks etdirən kitab, jurnal, habelə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dərc olunmuş məlumat kitabçaları, broşürlər və posterlər tədbir iştirakçıları arasında yayılıb.


Create Account



Log In Your Account