Nov 29 2019 11:36
Elshad Aliyev
Views: 259

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Qərb marşrutunun inkişafına dair İşçi Qrupun dördüncü iclasında iştirak etmək üçün Bakıda səfərdə olan Rusiya, Belarus, İran və Hindistan dəmir yollarının nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

QSC-dən AZƏRTAC-a bildirilib ki, C.Qurbanov Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında ilk razılaşma aktının 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda imzalandığını bildirib. Azərbaycan bu sazişə 5 il sonra - 2005-ci ildə qoşulub. Sonrakı illərdə ümumilikdə 13 dövlət bu sazişə imza ataraq ratifikasiya edib.

Qeyd edilib ki, "Şimal-Cənub" nəqliyyat dəhlizinin əsas məqsədi, ilk növbədə cənubdan - Hindistandan başlayaraq Rusiya, Şimali və Qərbi Avropa, eləcə də Körfəz ölkələrinə daşınan yüklərin çatdırılma müddətini azaltmaq, daşıma qiymətlərini ucuzlaşdırmaq və dəhlizin funksionallığını artırmaqdır. Dəhliz bir neçə əsas istiqamət: Hindistan-Rusiya-Qafqaz-Körfəz ölkələri; Mərkəzi Asiya-Körfəz ölkələri; Xəzər dənizi-İran-Körfəz ölkələri və sair üzrə yükdaşıma fəaliyyətini nəzərdə tutur. Bu istiqamətlər içərisində Azərbaycan üçün ən maraqlı istiqamət yüklərin gəmilərlə Hindistanın Mumbay limanından İranın Bəndər-Abbas limanına gətirilməsi, sonra qatar və avtomobillərlə İranın mövcud dəmir və avtomobil yolları ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir və avtomobil yollarına ötürülməsi və buradan da Azərbaycan vasitəsilə Rusiyaya, Şimali Avropa ölkələrinə çatdırılmasıdır. Hazırkı marşrut üzrə (Süveyş kanalı) malların çatdırılma vaxtı 45-60 gündür, “Şimal-Cənub” nəqliyyat dəhlizi vasitəsilə isə bu müddətin 14-20 günə endirilməsi gözlənilir.

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin tarixi kökləri və müasir inkişafından danışan C.Qurbanov fərqli coğrafi məkanları yaxınlaşdıracaq bu dəhlizin iqtisadi cəhətdən əhəmiyyətindən danışıb. O, həmçinin bildirib ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Azərbaycan tərəfi üzərinə düşən vəzifələri yerinə yetirib. Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 kilometr dəmir yolu çəkilib və Astara çayı üzərində dəmir yolu körpüsü tikilib. Eyni zamanda, Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir. 2018-ci ilin martında Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazası və yük terminalı istismara verilib, eyni zamanda, taxıl terminalının təməli qoyulub. Bu il martın 6-da isə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin açılışı olub. Yaxın gələcəkdə Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti də tikilib istifadəyə veriləcək. Bütün bunlar ölkələrimizin nəqliyyat-tranzit və iqtisadi-ticarət potensialını gücləndirəcək.

“Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun müavini Vyaçeslav Pavlovski dəmir yolunun ekoloji cəhətdən effektivliliyinə diqqət çəkib. Dəmir yolları sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində bundan sonra da işlərin davam etdiriləcəyini bildirib.

Görüşdə Belarus Dəmir Yolları sədrinin birinci müavini İqor Şilov, İran Dəmir Yollarının vitse-prezidenti Morteza Cəfəri, Hindistan Konteyner Korporasiyasının (CONCOR) sədri, idarəedici direktoru Kalyana Rama da iştirak ediblər.


Create Account



Log In Your Account