Mar 31 2021 16:02
Elshad Aliyev
Views: 142

Azərbaycanın ötən ilin payızında Vətən müharibəsində qazandığı böyük Qələbə və 30 ilə yaxın bir dövrdə Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqları azad etməsi bir dost ölkə olaraq bizi çox sevindirir. Bu, çox möhtəşəm bir hadisə idi.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində “Utusan Malaysia” qəzetinin müxbiri Taqib Şaker deyib.

O bildirib ki, XX əsrin müxtəlif dövrlərində ermənilərin əsassız ərazi iddialarını həyata keçirmək üçün azərbaycanlılara qarşı törətdiyi soyqırımları bütün müsəlman ölkələrini, o cümlədən Malayziya əhalisini ciddi narahat edib.

Malayziyanın Azərbaycanı həmişə dəstəklədiyini xatırladan T.Şaker Ermənistanın işğalçı siyasətinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb. Bildirib ki, ermənilər tarixi boyu Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Lakin bəzi hallarda bir sıra dövlətlərin seyrçi mövqe tutması və hətta işğalçı dövləti dəstəkləməsi təəssüf hissi doğurur. Buna baxmayaraq, Azərbaycan təşəbbüsü öz əlinə almağı bacardı və layiqli qələbə qazandı.

Bu günlərdə çalışdığı qəzetdə ermənilərin ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdiyi soyqırımı ilə bağlı xüsusi məqalə ilə çıxış etdiyini qeyd edən malayziyalı jurnalist Azərbaycan həqiqətlərinin beynəlxalq münasibətlər üzrə bir mütəxəssis olaraq onun diqqətini cəlb etdiyini və bu barədə sadə malayziyalılara daha çox məlumat çatdırmaq niyyətində olduğunu bildirib. Türkiyənin İzmir şəhərində yerləşən Yasar Universitetində magistr dərəcəsini alarkən Azərbaycanla maraqlandığını, bu gözəl ölkənin böyük uğurları ilə onda maraq doğurduğunu deyib. Qeyd edib ki, xüsusən ötən ilin sentyabrında Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı və döyüşlərin başlamasından sonra malayziyalı oxuculara bu barədə daha çox düzgün məlumatın çatdırılmasının zəruriliyini dərk edib. Malayziya ilə sıx dostluq münasibətlərinə malik dost ölkə və Cənubi Qafqaz regionunun ən qüvvətli dövləti olan Azərbaycan haqda oxucuların daha çox məlumat almasına çalışıb. Bu məqsədlə də ölkəmizi daha ətraflı öyrənmək qərarına gəlib.

Ötən əsrin əvvəllərində, xüsusən 1918-ci ildə Cənubi Qafqazda baş verən prosesləri araşdırarkən ermənilər tərəfindən yerli əhaliyə qarşı törədilən qırğınlar barədə məlumatlarla qarşılaşıb. Malayziyalı mütəxəssislərin, alim və jurnalistlərin bu mövzu ilə kifayət qədər tanış olmasına baxmayaraq, sadə oxucuların həmin hadisələrdən xəbərdar olmadığını nəzərə alaraq bu barədə böyük məqalə ilə çıxış etmək qərarına gəlib. Erməni radikal dairələrinin təqribən yüz il bundan əvvəl törətdiyi vəhşiliklər barədə lazımi informasiyaları əldə edib. Bu işdə Azərbaycanın Malayziyadakı səfirliyi də ona yardımçı olub. Həmin materialları toplayarkən erməni lobbisinin ənənəvi “arqumentlərini” də ətraflı araşdırıb. Rəsmi məlumatları və elmi materialları topladıqdan sonra müstəqil araşdırmaçı kimi hazırladığı məqaləni qəzetin redaksiyasına təqdim edib. Gözlədiyi kimi məqalə oxucu auditoriyası tərəfindən böyük maraqla qarşılanıb.

Qardaş Türkiyədə oxudu illərdə Azərbaycana səfər etmək niyyətində olduğunu, bu məqsədlə də ölkəmiz barədə məlumatlar topladığını qeyd edən T.Şaker hələ o vaxt Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsindən xəbərdar olduğunu bildirib. Xüsusən Qarabağın zəngin tarixi ilə onu heyran etdiyini qeyd edib. Deyib ki, böyük uğurları ilə dünyanı heyran qoyan Azərbaycanı bundan sonra daha yaxından öyrənməyə çalışacaq və bu barədə məqalələrlə çıxış etməkdə davam edəcək.


Create Account



Log In Your Account