Jan 03 2019 11:31
Ferah Sabirqizi
Views: 225

Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli binada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dağıntılar altından bu gün daha bir faciə qurbanının meyiti çıxarılıb. İndi xilasedicilər dağıntılar altında qalan 3 nəfərin çıxarılması üçün əməliyyatları davam etdirir.

Binanın dağıntılarının artıq üçdə ikisinin təmizləndiyi bildirilir. Amma hələ ki, 3 nəfərin taleyi barədə məlumat yoxdur. Binanın qalan hissəsinin də çökmə təhlükəsi olduğundan xilasetmə əməliyyatları ehtiyatla aparılır.

Xatırladaq ki, dekabrın 31-də Rusiyanın Çelyabinsk vilayətinin Magnitogorsk şəhərində çoxmərtəbəli yaşayış binasının blokunda qaz sızmasından partlayış baş verib. Nəticədə 120 nəfərin yaşadığı bina çöküb.

Hadisə yerinə Rusiyanın Prezidenti Vladimir Putin baş çəkib. Hadisədən 36 saat keçdikdən sonra sağ tapılan 10 aylıq körpənin vəziyyətinin sabitləşdiyi bildirilir. Rusiya səhiyyə naziri bəyan edib ki, İvan Fokin adlı uşağın həyatı üçün təhlükə yoxdur. Amma onun vəziyyəti hələ ki, ağır olaraq qalır.

Sabahdan hadisə nəticəsində zərər çəkən ailələrə kompensasiyaların ödənilməsinə başlanacaq. Çelyabinsk vilayətinin rəhbərliyi bəyan edib ki, həlak olanların ailələrinə, ağır və ya yüngül dərəcədə xəsarət alan şəxslərə birdəfəlik ödəniş veriləcək.

Bütün Rusiya ərazisində faciə qurbanlarının xatirəsi yad edilir. Maqnitoqorsk sakinləri şamlar yandırıb, həlak olanların xatirəsinə ehtiramlarını bildiriblər. Azərbaycan prezidenti İlham Əliyev də faciə ilə bağlı Rusiya xalqına və prezident Vladimir Putinə başsağlığı verib.


Create Account



Log In Your Account