Apr 28 2020 12:22
Elshad Aliyev
Views: 57

Məlumat verildiyi kimi, karantin rejimi ilə əlaqədar Bakı şəhərinin küçə və prospektlərində nəqliyyat sıxlığının olmamasını və bir çox ictimai iaşə obyektlərinin fəaliyyət göstərməməsini nəzərə alaraq martın 21-dən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı inzibati tənbeh tədbirlərinin icrası müvəqqəti dayandırılıb. Bu addım həm də karantin rejimi günlərində şəhər sakinlərinə dəstək nümayiş etdirmək məqsədilə atılıb.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, aprelin 27-dən karantin rejiminin yumuşaldılması, eləcə də bəzi xidmət və iş yerlərinin fəaliyyətinin bərpa olunması ilə küçələrdə nəqliyyat vasitələrinin və piyadaların intensivliyinin artması müşahidə olunmaqdadır. Nəticədə bəzi ərazilərdə dayanma-durma və parklanma qaydalarının pozulması avtomobillərin, eyni zamanda, piyadaların hərəkətində maneələr yaradır, bəzi hallarda isə nəqliyyat sıxlığına gətirib çıxarır.

Mövcud vəziyyət müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir etməkdədir. Eyni zamanda, bu hal SMS vasitəsilə hərəkət icazəsi alan vətəndaşların da lüzumsuz yerə vaxt itirmələrinə səbəb olur.

Qeyd olunanları nəzərə alaraq, mayın 1-dən etibarən agentlik tərəfindən dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcək.

Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir.


Create Account



Log In Your Account