May 29 2020 13:29
Elshad Aliyev
Views: 187

Mayın 29-u Ümumdünya Həzm Günü və ya Ümumdünya Sağlam Qidalanma  Günüdür. AZƏRTAC xəbər verir ki, bu gün Ümumdünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis olunub. Təşkilat 1935-ci ildə qastroenteroloqların Brüsseldə keçirilən birinci Beynəlxalq konqresində yaradılsa da, onun rəsmi təsis tarixi 1958-ci il mayın 29-u hesab olunur. Həmin gün Vaşinqtonda keçirilən Qastroenteroloqların Birinci Dünya Konqresində təşkilatın nizamnaməsinin qəbul edildiyi günün Sağlam Qidalanma Günü elan edilməsi qərara alınıb.

Beynəlxalq qeyri-hökumət, peşəkar tibb federasiyası olan Ümumdünya Qastroenteroloqlar Təşkilatı yüzdən çox milli cəmiyyəti və dörd regional assosiasiyanı birləşdirir. Qurumun 50 mindən çox fərdi üzvü var.

Bu günü qeyd etməklə Ümumdünya Qastroenteroloqlar Təşkilatının əsas məqsədi əhali arasında maarifləndirmə tədbirləri aparmaq, ictimaiyyətin diqqətini həzm pozulması səbəbindən yaranan problemlərə yönəltmək, o cümlədən hər il qastroenteroloji xəstəliklərin sayının çoxalması barədə xəbərdarlıq etməkdir. Təşkilat həmin məsələlərin işıqlandırılması, xəstəliyin profilaktikası, həmçinin həzm sistemi xəstəliklərinin müalicəsinin səmərəli üsullarının axtarışı ilə məşğul olur.

Statistika göstərir ki, əhalinin 50-60 faizi düzgün olmayan həyat tərzi və həzm sistemi orqanlarının xəstəliklərinin pozulmasından əziyyət çəkir. Böyük şəhərlərdə həmin rəqəm 90 faizə çatır. Qıcqırma, köp, mütəmadi təkrarlanan qarın ağrısı həzm pozuntusu əlamətləri sayılır. Həmçinin düzgün qidalanmamağın nəticələri özünü piylənmə, maddələr mübadiləsinin pozulması və digər xəstəliklərlə büruzə verir. Həmin problemlərdən qorunmaq üçün qastroenteroloq və diyetoloqların məsləhət gördüyü əsas üsullardan biri də profilaktikadır. Profilaktik tədbirlərin əsası zərərli vərdişlərdən və az hərəkətli həyat tərzindən imtina etmək, stressdən uzaq olmaq, fiziki fəallığı artırmaq, rejim və qidalanma rasionuna diqqət yetirməkdən ibarətdir.

Hər il Ümumdünya Sağlamlıq Gününə uyğun müxtəlif mövzular seçilir və bununla əlaqədar keçirilən bütün tədbirlər qastroenterologiyanın müəyyən probleminə, onun müalicəsi və profilaktikası üsullarına həsr edilir.

Azərbaycanda da sağlam qidalanmanın təşviqi məqsədilə müxtəlif addımlar atılır. Ölkəmizdə aktiv həyat tərzinin təbliği, düzgün qidalanma, insan sağlamlığı üçün ziyanlı olan plastik qablaşdırıcılardan istifadənin azaldılması, zərərli vərdişlərdən imtina istiqamətində tədbirlər görülür. Sağlam qidalanmanın insanlara kiçik yaşlardan aşılanmasını nəzərə alaraq Qida Təhlükəsizliyi Agentliyi məktəblilər arasında “Sağlam məktəbli” layihəsini həyata keçirir.

 


Create Account



Log In Your Account