Jun 01 2020 17:00
Elshad Aliyev
Views: 154

Bu gün Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş vebinar-müzakirə təşkil edib.

AZƏRTAC xəbər verir ki, “Zoom” vasitəsilə baş tutmuş tədbirdə mərkəzin əməkdaşları ilə yanaşı, regionlarda çalışan gənc mədəniyyət işçiləri, habelə kitabxanaların uşaq şöbələrinin mütəxəssisləri də iştirak ediblər. Belə ki, mərkəzin elmi katibi Cavid Əliyev, şöbə müdirləri Nurəddin Babazadə, Nəzakər Rəhmanova, əməkdaşları Əkbər Rüstəmov, Rəfiqə Nəsirova, Leyla Qılıcova, Validə Hacıyeva, Aygün Hüseynova, habelə Gəncə şəhər Uşaq kitabxanasının şöbə müdiri Ellada Dəhazi Rəhimova və başqaları uşaqlara həsr olunmuş müxtəlif mövzularda çıxış ediblər.

Vebinar zamanı əməkdaşların uşaqlarının tədbirə canlı qoşulması və fəal iştirak edilməsi iştirakçılar üçün böyük və xoş sürpriz oldu.

Mərkəz tərəfindən keçirilmiş və uşaqlara həsr olunmuş tədbirlər nümunəsində geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda çıxış edən Mərkəzin direktoru Asif Usubəliyev uşaqlara qayğı dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Mövcud istiqamətdə uşaqlarda estetik zövqün formalaşması, vətənpərvərlik hisslərinin aşılanması və onların adət-ənənələrə bağlılığının təmin olunması kimi məqsədlərə nail olunmasında görülə biləcək işlər haqqında öz münasibətini bildirib.

Xatırladaq ki, 1950-ci il iyunun 1-də BMT Baş Məclisi tərəfindən keçirilən qadınların beynəlxalq konfransında bu günü uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bu gün Azərbaycanda da geniş qeyd olunur. Azərbaycanda əhalinin təxminən 40 faizini uşaqlar təşkil edir. Ölkəmizdə uşaq və yeniyetmə gənclərin təxminən 95 faizi təhsil alır.

 


Create Account



Log In Your Account