Apr 07 2020 12:40
Elshad Aliyev
Views: 72

Ölkə ərazisində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” 2020-ci il 2 mart tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) fəaliyyətini distant şəkildə davam etdirir.

ADMİU-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə rektorluğun onlayn iclasında universitetin distant rejimdə tam effektiv fəaliyyətinin təmin olunması üçün mövcud problemlərin aradan qaldırılması, onlayn dərslərin keçirilməsi, yaz imtahan sessiyasına, Dövlət attestasiya komissiyasına hazırlıq kimi cari məsələlər müzakirə olunub. İşçi qaydada təşkil olunan belə iclasların hər həftə keçirilməsi nəzərdə tutulur.

ADMİU-da təhsilin davamlılığının təmin edilməsi məqsədilə bir çox dərslər distant tədris olunur. Mart ayının sonlarından etibarən müəllimlər onlayn dərslərə başlayıblar. Onlayn dərslərin keçirilməsi üçün müəllimlərin və tələbələrin internetə çıxış imkanları nəzərə alınmaqla, geniş yayılmış virtual ünsiyyət üçün kompüter proqramlarının və mobil tətbiqlərin imkanlarından istifadə olunur. Dərslərə bütün fakültələrdə bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələr cəlb edilib. Azərbaycan və rus dillərində aparılan dərslərdə bu günə qədər 638 fənn üzrə 1500-ə yaxın tələbə iştirak edib. Vebinar qaydada təşkil olunan dərslərdə tələbələr mühazirəni dinləməklə yanaşı, müəllimə suallar vermək və fikir mübadiləsi aparmaq imkanına malikdirlər. Müəllimin distant formada mühazirəsi avtomatik olaraq yazılır ki, bu da tələbələrə həmin mühazirəni dərsdən sonra yenidən dinləmək və mövzunu daha yaxşı mənimsəmək imkanı verir.

Tezliklə vahid platformanın tətbiqi ilə onlayn tədrisi mümkün olan bütün fənlər üzrə tələbələrin distant təhsilə cəlb olunması nəzərdə tutulur.


Create Account



Log In Your Account