Jun 25 2021 16:52
Elshad Aliyev
Views: 154

İyunun 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə bu ali məktəbin ikinci Qarabağ müharibəsi iştirakçısı olan əməkdaş, tələbə və məzunlarının, eləcə də şəhidlərinin şərəfinə hazırlanmış “Zəfər” lövhəsinin açılışı olub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, tədbiri universitetin rektoru, professor Ceyran Mahmudova açaraq ikinci Qarabağ müharibəsində ADMİU-nun 50-dən çox nümayəndəsinin iştirak etdiyini və şərəflə döyüşdüklərini söyləyib: “Onların arasında əməkdaşlar, tələbə və məzunlar var. Üç məzunumuz şəhidlik zirvəsinə ucalıb. Bir sıra döyüşçülərimiz Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən medallarla təltif olunub. Biz universitet olaraq onların hər biri ilə fəxr edirik. Müharibə dövründə necə onlara dəstək olmağa çalışırdıqsa, bundan sonra da hər zaman yanlarında olmağa çalışacağıq. Çünki bu, bizim vətəndaşlıq borcumuzdur. Onların sayəsində Azərbaycan xalqının 30 illik torpaq həsrətinə son qoyuldu. Bu gün Qarabağ və bütün torpaqlarımız azaddır”.

Rektor iyunun 24-də Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə medallarla təltif olunmuş ADMİU-nun Vətən müharibəsi iştirakçılarını universitetin kollektivi adından təbrik edib.

ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva-Kəngərli bildirib ki, 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən torpaqlarımız erməni işğalından azad olundu və biz Vətən müharibəsində şanlı Qələbə qazandıq. Şəhidlik də, qazilik də şərəf zirvəsidir. İgid oğullarımız özlərini düşünmədən bu zirvəyə atıldılar və qalibiyyət qazandılar.

Universitetin prorektoru Təriqəddin Həmidov, Rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, dosent Nigar Rüstəmova, professorlar Əli Əmirli və Gülşad Baxşıyeva, ADMİU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Səyavuş Məhişov qeyd ediblər ki, bundan sonrakı nəslin əsas məqsədi Azərbaycan Ordusu və xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış bu möhtəşəm Qələbəyə layiq olmaq və torpaqlarımızı qorumaqdır.

Tədbirdə ADMİU-nun Vətən müharibəsi iştirakçıları Azər Həsənov, Şahmar Məmmədov, Tərlan Əsgərli, Röyal Allahverdiyev, Ceyhun Əlizadə, Əli Səlimov, Cavid Arzumanov, Xankişi Bağırov çıxış edərək həm tələbəlik, həm də Vətən müharibəsi dövründə universitet rəhbərliyindən daim diqqət və qayğı gördüklərini bildirib, ADMİU-da “Zəfər” lövhəsinin yaradılmasını yüksək dəyərləndiriblər.

Sonda döyüşçülərə ADMİU tərəfindən hədiyyələr təqdim olunub.


Create Account



Log In Your Account