Jul 15 2019 15:40
Ferah Sabirqizi
Views: 316

Medianın daşıdığı həssas yük

Belə bir deyim var: cəmiyyət konkret insan kimidir, əgər onun bədənində şiş varsa, xəstəliyi ört-basdır etmək lazım deyil, cəsarətlə iti bıçaqla həmin törəməni kəsib atmaq lazımdır. Bu məsəldə jurnalist qələmi iti bıçağı, skalpeli əvəz edə bilər. Media nümayəndələri antisosial hallara qarşı mübarizə aparanırlar. Bu hallardan biri də zərərli dini ideologiyanın aparılmasıdır.

İndi əksər platformalarda dinin yanlış yöndən təbliği, dözümsüzlüyün təbliği prosesi gedir. Xüsusi qruplar bu məqsədləri üçün sosial mediadan daha çox istifadə edirlər. Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov hesab edir ki, indi sosial media bu qruplar üçün daha güclü vasitədir:

“Azərbaycan da bu hallardan sığortalanmayıb”

“Çünki dünyada 3 milyarddan çox əhali sosial şəbəkələrdə aktivdir. Azərbaycanda da ümumi ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Sosial şəbəkələrdə zərərli dini ideologiya – radikalizm, zorakı ekstremizm, dözümsüzlüyün təbliği ilə bağlı işlər aparılır. Dini terror qrupları məhz bu şəbəkələrdə daha çox istifadə edirlər. Onların əsas hədəf auditoriyası gənclərdir”.

Təəssüf ki,  Azərbaycan da bu kimi hallardan sığortalanmayıb. Zərərli ideologiyadan yayınmaq üçünsə  düzgün dini maarifləndirmə aparılmalıdır. Rəfi Qurbanov deyir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas istiqaməti məhz sosial şəbəkələr üzərindən maarifləndirmənin aparılması, tarixdən süzülüb gələn dəyərlərin – dinimiz, ailə dəyərlərimizlə bağlı süzgün təbliğatın qurulmasıdır.

Vicdan, yoxsa fikir azadlığı?

İdeoloji sahədə yaranmış problemlərin həllində dövlət qurumları ilə yanaşı, vicdanlı jurnalistlər də aktiv iştirak etməlidir. Çünki əksər hallarda dini dözümsüzlük xüsusi məqsədlə yaradılmış dini saytlar, xəbər portalları tərəfindən nümayiş etdirilir. Lakin belə hallarda insanın malik olduğu əsas hüquqlar - vicdan azadlığı və fikir azadlığının toqquşması da baş verir. Məsələn, Rusiyada  kiçik dini qrup nümayəndələrinin dini ayininin televiziyada yayınlanması böyük qalmaqala səbəb olmuşdu. İş orasındadır ki, telekanal meşədə baptistlərin yağış yağması üçün keçirdikləri ayini bir növ məsxərəyə qoymuşdu.  Yerli televiziya kanalının işçiləri həmin ayinin təsadüfən şahidi olmuşdular və mərasimi lentə almışdılar. Baptistlər isə buna etiraz edərək məhkəməyə müraciət etmişdilər. Məhkəmə isə qərarında bildirmişdi ki, əgər dindarlar ayini özlərinə məxsus qapalı məkanda – kilsədə icra etsəydilər, haqlı ola bilərdilər. Amma ictimai bir yerdə - meşədə ayin icra edirlərsə, burada baş verən hadisə də ictimai xarakter kəsb edir.

Avropada dözümsüzlik artır

Avropada vəziyyət daha fərqlidir. Burada əhali arasında inanclıların sayı ilbəil azalır. Bununla əlaqədar olaraq medianın da dini məsələlərə münasibəti  dəyişir. Məsələn, Belçikada cəmiyyətin 42 faizi özünü imansız  hesab edir. Belçikalı sosioloq, Lyuven Katolik Universitetinin əməkdaşı (Catholic University Leuven) Karel Dobbelar uzun illərdir cəmiyyətdə sekulyarizm problemini öyrənir. Onun fikrincə, Avropada  dinin cəmiyyətdəki rolu dəyişib. Əvvəllər din bir çox sahələrə təsir imkanları var idisə, indi dinin özünə təsirlər çoxalır. Buna görə də media inanclılara daha az tolerantlıq nümayiş etdirir.

“Avropa məkanında və ümumiyyətlə dünyada dözümsüzlüyün və ksenofobiyanın artması,  tolerantlığın azalması bizi ciddi narahat etməlidir”. Bu fikirlərin müəllifi, Milli Məclisin üzvü Qənirə Paşayeva hesab edir ki, Avropada izlənilən bu halların səbəblərini ciddi təhlil olunmalı, onlara qarşı sərt mübarizə aparmalıyıq:

“Medianın üzərinə böyük yük düşür”

“Doğrudur,  bu  istiqamətdə din xadimlərinin, dini icmaların üzərinə çox böyük  yük düşür.  Amma siyasətçilərin, mətbuat və medianın, qeyri-hökumət  təşkilatlarının da üzərinə böyük yük düşür.  Məsələn elə Avropa məkanını götürsək görərik ki,  bəzi ölkələrdə bəzi siyasətçilərin, siyasi partiyaların bəyanat və açıqlamaları insanlar arasında dözümsüzlüyü, ksenofobiyanı artırır. Bu prosesi dünyanın müxtəlif bölgələrində də görə bilərik. Amma təəssüf ki, bəzi ölkələrdə bir sıra siyasətçilərin çıxışları, mətbuatda yayılan məlumatlar tam əksinə dözümsüzlüyün, nifrət və rasizmin artmasına xidmət edir. Bu isə yaxın gələcəkdə böyük faciələrə səbəb ola bilər. Biz hamımız bunun məsuliyyətini dərk etməli və ötən əsrdə yaşanan faciələri unutmamalıyıq.  Məhz bu cür siyasətin nəticəsində 1988-ci ildə Ermənistan hökuməti etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları Ermənistandan - öz ev-eşiyindən qovdu. Bu gün orada bir azərbaycanlı belə yaşamır.  20 mindən çox insan qətlə yetirildi, 1 milyon insan öz ev-eşiyindən didərgin sallndı, azərbaycanlılara məxsus camilər dağıdıldı, tarixi-mədəni abidələr məhv edildi. Hər kəs bu cür hadisələrdən dərs çıxarmalı və dözümsüzlüyün nələrə səbəb olduğunu görməli və dünyanın harasında baş verməsindən asılı olmayaraq ona qarşı sərt mübarizə aparmalıdır”.

Q.Paşayeva hesab edir ki, belə narahatlıq doğuran halların artmasının qarşısını almaq üçün üzv ölkələrdə gənc nəsillərə kiçik yaşlarından etibarən fərqli etnik, dini, sosial qruplara qarşı dözümlülük, hörmət və anlaşmanın öyrədilməsi vacibdir. İnsanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlərə belə imkan verilməməlidir.

Güclü maarifləndirməyə ehtiyac var

Ekspertlər hesab edirlər ki, media bu cür halları yalnız işıqlandırmaq və pisləməklə kifayətlənməli deyil. Həm də güclü maarifləndirmə aparılmalıdır. Hər bir ölkənin KİV-lərində insanların mənəvi səhətdən zənginləşməsinə gətirib çıxaran teleproqramlar, müxtəlif media layihələri olmalıdır. Fərlqi ölkələrdə təqdim olunan belə layihələr öz bəhrəsini verir. Məsələn, Xarkovda yerli kilsə tərəfindən hazırlanıb təqdim olunan televiziya verilişi açıldıqdan sonra bura gələnlərin sayı 20 faiz artıb. Həmin kilsənin baş yepiskopu Andrey Tişenko deyir ki, insanlar kilsədə daimi olaraq aparılan sosial və mənəvi iş haqqında məlumatlı olmalıdırlar.

Deməyə sözümüz varsa...

İlahiyyatçı psixoloq Yaqub Şirinov da bəzən problemlərin əsas səbəbinin insanların, xüsusilə gənclərin dini bilgiinin az olmasında görür. Deyir ki, əgər deməyə sözümüz varsa, bunu kütləyə çatdırmaq lazımdır:

“Bu işə məktəblərdən, ibtidai siniflərdən start vermək və ali məktəblərdə davam etdirmək lazımdır. Təhsilli insanların sayı çox olmalıdır. Çünki belə halların qarşısını yalnız təhsilli, bilikli, düzgün məlumatlandırılmış insanların köməyilə almaq olar”.

Azərbaycanda dini təhdidlərə qarşı mübarizədə media dövlətə mühüm dəstək göstərir. Tolerantlığı ilə bütün dünyaya nümunə olan Azərbaycanda bu mühitin təbliğində medianın rolu böyükdür. Amma unutmayaq ki, din – jurnalistika üçün mürəkkəb mövzudur və daim həssas yanaşma tələb edir. Odur ki, bəzi qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin diqqətli və vicdanlı davranışı, düzgün fəaliyyəti və dəstəyi önəmlidir. Tarixən xurafata, cəhalətə qarşı olan Azərbaycan mediası bu məsələdə də örnək olmalıdır.

Fərəh Sabirqızı

Qeyd:  Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Mətbuat Şurasının 22 iyul Milli Mətbuat Günü münasibətilə “Din və media” mövzusunda keçirdiyi birgə müsabiqəsinə təqdim olunur.

 


Create Account



Log In Your Account