May 12 2020 14:52
Elshad Aliyev
Views: 177

Meksikanın Azərbaycandakı Səfirliyi Moreliya Beynəlxalq Film Festivalı ilə əməkdaşlıq əsasında, “Qütb ayısı” filminin onlayn təqdimatı və haqqında müzakirələri təşkil etdi. Rəqəmsal platform vasitəsilə baş tutan tədbirdə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labarini, meksikalı rejissor və prodüser Pablo Baksht Seqovia və filmin rejissoru Marselo Tobar iştirak etdilər. Eyni zamanda, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Meksika icmasının üzvləri və Azərbaycan Dillər Universitetinin müəllim və tələbələri tədbirə qoşuldular.

Səfirlikdən CBC-yə verilən məlumata görə, dəvət olunan qonaqlar pandemiyadan sonra kinematoqrafiya sənayesinin qarşılaşacağı çağırışlar, tamamilə İphone ilə çəkilən “Qütb ayısı” filminin çəkilişləri, həmçinin, Beynəlxalq Moreliya Festivalı təşkilatçılarının Azərbaycana səfər etməyə və Meksika Birləşmiş Ştatlarının Höküməti ilə Azərbaycan Respublikasının Höküməti arasında təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində Əməkdaşlıq Sazişi çərçivəsində birgə layihələri inkişaf etdirmək məqsədilə Azərbaycanın müvafiq qurumları ilə əlaqələri qurmağa dair marağı barədə söhbət etdilər.

Pablo Baksht Meksika Kinematoqrafiya İnstitutunun Qısametrajlı Filmlərin İstehsalı üzrə direktor vəzifəsində çalışmışdır. Beş il ərzində ərsəyə gətirdiyi qısametrajlı filmlər 100-dən çox mükafata layıq görülmüşdür. Bu filmlərdən 7-si Kann Beynəlxalq Film Festivalının Rəsmi Bölümündə yarışmaq üçün dəvət almış, Oskar və Kann Festivalının Qızıl Palma mükafatlarına təqdim edilmişdir.

Rejissor Marselo Tobar “Qütb ayısı” filmi ilə 15-ci Moreliya Festivalının qalibi olmuşdur. Marselo Tobar digər üç filmin rejissoru, prodüseri və müəllifi olmuş, onun “Asteroid” filmi müxtəlif milli və beynəlxalq mükafatlara layiq görülmüşdür.

 


Create Account



Log In Your Account