Mar 03 2020 11:45
Elshad Aliyev
Views: 42

Məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin “İçərişəhər” meteostansiyası qarşısında heykəli ucalacaq.

AZƏRTAC-ın müxbiri heykəlin hazırlanması ilə əlaqədar keçirilən müsabiqənin qalibi Xalq rəssamı Xanlar Əhmədovun emalatxanasında olub və heykəlin hazırlanması prosesi ilə maraqlanıb.

Emalatxanada heykəlin gil variantı üzərində son tamamlama işləri gedirdi. Heykəlin hər bir detal üzərində incəliklə işlənildiyi elə ilk baxışdan diqqəti özünə cəlb edir. Gərgin əmək, yuxusuz gecələr hesabına ərsəyə gələn başında buxara papaq, əynində ənənəvi libas, bir əlində təsbeh, bir əlində əsa, sinəsi orden-medallı məşhur xeyriyyəçi-mesenatın əzəmətli görkəmi xoş təsir bağışlayır.

Uzun illər dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışan rəssam Xanlar Əhmədov heykəl üzərində işlədiyi iki aydan çoxdur. Bəzən gecə yarısına, bəzən də sübhə qədər tişəni əlindən yerə qoymur.

Xalq rəssamı bir neçə il əvvəl Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunan fərdi sərgi açmaq arzusuna düşəndə ilk olaraq Hacı Zeynalabdın Tağıyevin obrazını yaratmaq istəyib: “Milyonçu millət atasının obrazı üzərində 10-12 il əvvəl də işləmişdim. Həmin vaxt Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarov, cümhuriyyətin hərbi nazirinin müavini, artilleriya generalı Əliağa Şıxlınski, görkəmli bəstəkar Tofiq Quliyev, Xalq artisti Nəsibə Zeynalova və digər tanınmış şəxsiyyətlərin obrazları üzərində yaradıcılıq axtarışları aparmışdım. Əlbəttə, xalqımızın həyatında müstəsna rol oynamış və ürəklərdə özünə əbədiyyət heykəli qoyan görkəmli şəxsiyyətlərin hamısının obrazını qranit və mərmər lövhə üzərinə köçürməyə bir ömür də bəs eləmir. Bununla belə həmin silsilədən olan yaradıcılıq işlərinə ara verməmişəm”.

O, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə əlaqədar elan edilən müsabiqəyə üç eskiz təqdim edib. 26 eskizlər içərisində onun layihəsinin qalib gəlməsini heykəltəraş böyük sevin hissi ilə qarşılayıb: “Uzun müddət idi ki, xeyriyyəçi, mesenat Tağıyevə heykəl qoyulması haqqında söhbətlər gedirdi. Dövlət başçısı da məsələyə çox müsbət yanaşdı və bundan az sonra bu mövzuda müsabiqə elan olundu. Müsabiqəyə təqdim olunan eskizlər arasında qalib gəlməyə layiq olan xeyli əsər var idi. Qalib seşilməyim məni sevindirsə də, üzərimə çox böyük məsuliyyət hissi də qoyur. Axı bu əsər uzun illər paytaxtın mərkəzi hissəsində ucalan heykəllərdən biri olacaq. Bu heykəl gələcək nəsillərə Bakının ən məşhur xeyriyyəçisini xatırladacaq...”

Abidənin müəllifi deyib: “Heykəl üzərində son tamamlama işləri gedir, martın ortalarında isə tam hazır olacaq. İlk baxışda çox sadə görünsə də, onun arxasında olduqca gərgin iş və çox böyük zəhmət dayanır. Adi bir misal deyim. Tağıyevin sinəsindəki medalları əks etdirmək üçün onların hər birinin ölçüsünü dəqiq bilmək lazım idi. Ona görə də milyonçunun geyimini, medalların məna və ölçülərini xırdalığına qədər öyrənmək üçün Tarix Muzeyinə müraciət etdim. Mənə çox nəfis bir kitab bağışladılar. Lakin digər mənbələrdən də Tağıyevin şəxsiyyəti haqqında öyrənməyə çalışdım. Yaratdığım əsərdə onun uzqagörənliyini, duruşunda mərdlik, xasiyyətində kişilik, qürur, alicənablıq və xeyirxahlıq kimi keyfiyyətləri daha qabarıq verməyə çalışmışam ”.

Onun verdiyi məlumata görə, heykəl tuncdan töküləcək, alt hissəsi qırmızı qranitdən təşkil ediləcək, hündürlüyü isə iki metr yarım olacaq. Hacı İçərişəhərdə doğulduğu və qədim qala divarları içərisində hər tərəf tarixi tikililərlə əhatə olunduğundan heykəlin ucaldılması üçün ən münasib məkanın “İçərişəhər” metrostansiyasının qarşısı olduğu qərara alınıb.

Yaxın vaxtlarda milyonçu, xeyriyyəçi-mesenat, qızlar məktəbinin banisi Hacı Zeynalabdin Tağıyevin heykəli doğulub boya-başa çatdığı, bütün varlığı ilə bağlı olduğu bu qədim şəhərdə ucalacaq. Həmin sənət əsəri yalnız bir mesenatın xatirəsini əbədiləşdirməyəcək, həm də qədirbilən Azərbaycan xalqının xeyirxahlığa və müdrikliyə göstərdiyi ehtiramın bariz nümunəsi olacaq.

 


Create Account



Log In Your Account