Feb 14 2020 11:11
Elshad Aliyev
Views: 309

Fevralın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Hüseynbala Mirələmovun ikihissəli “Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı, Əməkdar rəssam İsmayıl Məmmədov, musiqi tərtibatçısı isə Xalq artisti Siyavuş Kərimidir.

Tamaşada əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov, Məzahir Cəlilov canlandıracaq.

Tamaşa müharibədə çiyin-çiyinə vuruşan, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşən iki uşaqlıq dostunun görüşündən bəhs edir.

Həmçinin tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.

Tamaşaboyu bir dəfə də olsun güllə səsi eşidilməsə də, dramaturq müharibənin doğurdu faciələri, insanlara gətirdiyi fiziki və mənəvi əzabları, sındırılmış insan talelərini, hökm sürən ümidsizliyi təsvir edə bilib.

“Xəcalət” pyesi dünyanı dolaşan müharibə kabusuna, zorakılığa qarşı yönəlmiş, insanları ən çətin anlarda belə ləyaqətli, mətin və mübariz olmağa səsləyən bir əsərdir.

 


Create Account



Log In Your Account