May 02 2017 16:10
Naile Hesenova
Views: 759

Bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş adı çəkilən dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti ilə “Umid, Babek Exploration&Production” şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirə olunub. Qanun layihəsi təsdiq edilib.
Blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında müqaviləyə görə, podratçı qismində “Umid, Babek Exploration&Production” şirkəti çıxış edir. Müqaviləyə əsasən, kəşfiyyat dövrünün müddəti qüvvəyə minmə tarixindən etibarən 3 ildir. Podratçı kəşfiyyat dövrü ərzində kəşfiyyat sahəsi üzrə aparılmış 3D seysmik tədqiqatın mövcud nəticələrini təhlil və təfsir etməli, qazma üçün təhlükəsiz və ekoloji cəhətdən yararlı yer seçmək məqsədi ilə kontrakt kəşfiyyat sahəsinin mühəndis-geoloji tədqiqatını aparmalıdır. Üçölçülü seysmik tədqiqatın təfsiri nəticələrindən asılı olaraq kontrakt kəşfiyyat sahəsində ən azı 1 kəşfiyyat quyusu qazılacaq.
Müqaviləyə görə, işlənmə və hasilat dövrü şirkət tərəfindən kontrakt işlənmə sahəsi üzrə İşlənmə Proqramının təsdiqi tarixindən başlayır və həmin tarixdən etibarən 30 il davam edir. Şirkət tərəfindən təsdiq olarsa, İşlənmə və hasilat dövrü əlavə 5 il uzadıla bilər.
Qüvvəyə minmə tarixindən 6 aydan gec olmayaraq Podratçı kontrakt işlənmə sahəsindən karbohidrogenlərin işlənməsi və hasilatı planını (İşlənmə Proqramı) təsdiq üçün Şirkətə təqdim edir. İşlənmə Proqramının yazılı təsdiqindən sonra 48 aydan gec olmayaraq Kommersiya haslatının başlanma tarixinə nail olmaq üçün lazım olan bütün məqsədəuyğun addımlar atılacaq.
Risk Xidmət Sazişinin müddəalarına görə, müqavilənin imzalanma tarixindən sonra mümkün qədər qısa müddətə Şirkət podratçının bütün səhmləri müqavilədə iştirak faizlərinə uyğun olaraq Podratçı tərəflərə (və ya onların hər hansı ortaq şirkətlərinə) məxsus olan birgə Əməliyyat Şirkəti yatarmağa vadar edəcək. Belə birgə əməliyyat şirkəti Podratçı tərəflərin adından müqavilənin və podratçı tərəflər və əməliyyat şirkəti arasında birgə əməliyyat sazişinin şərtlərinə müvafiq olaraq neft-qaz əməliyyatlarını başlamağa hazır olacaq.
Qeyd edək ki, “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil&Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration&Production” şirkəti arasında müqavilə bu il yanvarın 12-də imzalanıb.

 


Create Account



Log In Your Account