Apr 24 2021 14:40
Elshad Aliyev
Views: 130

Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində işğal altında olan torpaqlarımız həmişəlik azad edilməklə ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. İndi isə qarşıda dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bölgədəki nəqliyyat əlaqələrinin də bərpasıdır. İnanırıq ki, xalqımız Azərbaycan torpağı olan və 101 ildir ki, əsas parçasından ayrı düşmüş Zəngəzura qayıdacaq.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Adil Əliyev bildirib.

Sədr müavini Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndinin Zəngəzura qayıdış üçün zəmin yaratdığını bildirib. Eyni zamanda, cari ilin yanvarın 11-də Moskvada imzalanmış 4 bəndlik Bəyanat Zəngəzur dəhlizinin reallaşması üçün hüquqi əsas verir.

A.Əliyev qeyd edib ki, Zəngəzur dəhlizi tarixi torpağımız olmaqla yanaşı, ölkəmizi qardaş Türkiyə vasitəsilə bütöv bir dünyaya bağlayan strateji yol olacaq: “Zəngəzurun bizdən alınaraq Ermənistana birləşdirilməsi, eyni zamanda, türk dünyasını parçalamaq məqsədi daşıyırdı. İndi isə tarixi Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən bir körpü olacaq. Bu yol bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, həm də Avropa ilə Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək. Bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaq”.

Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, Zəngəzur dəhlizi icra edildikdən sonra Çindən yola çıxan yükün qısa bir müddət ərzində ölkəmiz vasitəsilə Avropaya çatdırılması təmin ediləcək: “Ulu öndər Heydər Əliyevin reallaşdırmaq istədiyi və inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolunun tikintisi layihəsi o zamankı Ermənistan rəhbərliyinin etirazlarından sonra dayandırılmışdı. Bu gün isə dövlətimizin başçısı İlham Əliyev bu ideyanı da həyata keçirərək Ulu Öndərin uzun illər əvvəl hazırlamış olduğu strategiyanı çox böyük uğurla davam etdirir. Artıq Ermənistan tərəfi Zəngəzur dəhlizinin icrasına heç bir ciddi maneə yarada bilməz, belə ki, tarixi həqiqət bizim yanımızda olmaqla yanaşı, hüquqi sənədlər də dəhlizin reallaşdırılmasına şərait yaradır. Habelə tranzit olaraq bu dəhlizin təmin edəcəyi logistik imkanlar həm də Ermənistanın xeyrinə olacaq”.


Create Account



Log In Your Account