Feb 01 2017 16:16
Ferah Sabirqizi
Views: 1486

Bu gün Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Azərbaycan himninin səslənməsi ilə açıq elan olunan iclasın əvvəlində Spiker Oqtay Əsədov ötən sessiyanın nəticələri və qarşıdakı aylar üçün hazırlanmış iş planı haqqında məlumat verib. Sonra Parlamentin intizam və hesablayıcı komissiyalarının tərkibi yenidən formalaşdırılıb.

Bu ilin ilk sessiyasında deputatlar Milli Məclisin iş planı haqqında fikirlərini səsləndiriblər. 

Millət vəkili ZAHİD ORUC:  “Xatırlamıram ki, Qarabağa getmək istəyən şəxslərə, xarici ölkə vətəndaşlarına Azərbaycanın özü viza vermiş olsun. Yəqin deyəcəksiniz ki, o adamlar Azərbaycandan bəlli səbəblərə görə gedə bilməzlər. Düzdür, belə olan halda onlar Ermənistandan keçib getmək istəyəcəklər. Onda da Azərbaycan vizası ilə onları Ermənistan buraxmayacaq. Mən istəyərdim ki, Azərbaycan Qarabağa getmək istəyənlərə viza versin, hətta bunu özü təşkil eləsin ki, onlar Azərbaycandan gedə bilməsinlər, Ermənistan da onlara bu icazəni verməyəcək. Onda da biz bu cür  hallara qaşı kəskin üzərilərinə gediş imkanı əldə etmiş olacağıq”.

Komitə sədri SİYAVUŞ NOVRUZOV: “Ölkədə mobil rabitə ilə bağlı çox ciddi problemlər yaranıb. Hər axşam telefonlara xarici ölkələrdən zənglər gəlir. “Ərəb baharı”nda da belə idi. Müxtəlif adamların nömrələrinə müxtəlif zənglər gəlirdi. Bu yoxlanışdır, bu, imtahandır.  Bununla bağlı “İnformasiya təhlükəsizliyi ilə bağlı qanuna hansısa formada dəyişiklikləri edək ki bunun qarşısı alınsın. 01:11

Millət vəkili QÜDRƏT HƏSƏNQULİYEV: “ABŞ prezidenti Donald Trampın özün də çox gözəl başa düşür ki, müsəlmanlara qarşı bu cür siyasətlə bu formada terrorun qarşısını almaq olmaz. Bununla da ekstremist qüvvələrə imkan yaradılır ki, dini ekstremizmin təbliği istiqamətində daha fəal iş apara bilsinlər. Bu yol dünyada islamofobiyanın güclənməsinə yol açır. ABŞ başqalarına demokratiya dərsi verdiyi halda belə bir qərarın qəbulu sadəcə utancdır. Bütün tərəqqipərvər insanlar kimi Azərbaycan da öz etiraz səsini bu məsələyə qaldırmalıdır”.

Millət vəkili QƏNİRƏ PAŞAYEVA: “Millət vəkilləri şəhid əsgər Çingiz Qurbanovun ailəsini ziyarət etmişik, millət vəkilləri gediblər. Əlbəttə,  bu ailənin acısı çox böyükdür. Ermənistan dövləti yenə də özünün işğalçı, qeyri-İnsanı əməllərini davam edərək, beynəlxalq hüquq normalarını pozaraq onun nəşini qaytarmaqdan imtina edir. Mən buradan beynəlxalq təşkilatlara, xüsusilə Beynəlxalq Qırmızı Xaç Komitəsinə səslənirəm. Qızıl Xaç Komitəsi bu məsələdə fəallığını daha da artırmalıdır. Digər beynəlxalq təşkilatlar da. Onların Bakıda ofisləri var. Hər kiçik hadisə olanda bir-birinin ardınca çıxışlar, bəyanatlar verirlər. Amma belə hadisə olanda nədənsə nə Bakıdakı ofislərinin, nə də mərkəzi ofislərinin ciddi bir səslərini eşitmirik”.

Yaz sessiyasının ilk iclasında deputatlar bir sıra beynəlxalq sazişləri təsdiqlədilər. Həmçinin, “AR Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnamə”sinə,  “Hərbi xidmətkeçmə haqqında əsasnamə”yə bir sıra düzəlişlər qəbul olundu. Publik hüquqi şəxsin yaradılması, milli təhlükəsizlik nazirliyinin isə ləğvi ilə əlaqədar bəzi qanunlara texniki dəyişikliklər qəbul edildi.

 


Create Account



Log In Your Account