Sep 29 2017 19:40
Ferah Sabirqizi
Views: 71

Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.

 Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə nitq söyləyib.  Qeyd edib ki, Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman Azərbaycanda dövlət siyasətidir: “Dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir. Qeyd etməliyəm ki, bütün müvafiq qurumlar, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman cəmiyyətləri, federasiyalar, klublar bir məqsədi güdür ki, Azərbaycanda idman daha da inkişaf etsin, idmanın kütləviliyi daha da geniş vüsət alsın və idmançılarımız bizi beynəlxalq yarışlarda tez-tez sevindirsinlər. Bax, bu birgə fəaliyyət nəticəsində və idmana cavabdehlik daşıyan bütün qurumlar arasındakı koordinasiya sayəsində Azərbaycan beynəlxalq aləmdə idman sahəsində çox böyük uğurlara imza atmışdır.

Biz əlbəttə ki, ilk növbədə, idmanla məşğul olmaq üçün şərait yaratmalı idik və bu istiqamətdə dövlət investisiyaları hesabına Azərbaycanda bir çox müasir Olimpiya idman qurğuları tikilib istifadəyə verilmişdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi tikilmişdir. Bakıda isə bu gün ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilmiş idman obyektləri əsaslı təmir olundu və eyni zamanda, son illərdə bir neçə böyük stadion, idman zalı inşa edildi. Onların arasında əlbəttə ki, təxminən 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu qeyd etməliyəm. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi böyük investisiya tələb edən müasir idman qurğularıdır. Eyni zamanda, Bakıda idman şəhərciyi fəaliyyət göstərir. Bir sözlə, son illər ərzində həm bölgələrdə, həm Bakıda idmanın inkişafına, infrastruktur layihələrinə qoyulan vəsait öz nəticəsini verməkdədir”.

Dövlət başçısı bildirib ki, biz əlbəttə ki, idmanda əldə edilmiş nailiyyətlərlə fərəhlənirik. Çünki bizim idmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil edirlər. Azərbaycan ilk dəfə olaraq müstəqil dövlət kimi 1996-cı ildə Yay Olimpiya Oyunlarında iştirak etmişdir və o vaxt cəmi 1 medal qazanmışdır. Ondan 20 il sonra Rio Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 18 medal qazanmışlar və medalların sayına görə komanda hesabında Azərbaycan 14-cü yerə layiq görülmüşdür. Bax, bu tərəqqi idmanın inkişafını göstərən ən gözəl amildir. Çünki Olimpiadadan-Olimpiadaya medallarımızın sayı artırdı və 18 medal qazanmaq doğrudan da çox böyük tarixi nailiyyətdir.

Azərbaycan idmançıları, eyni zamanda, Avropa və dünya çempionatlarında böyük uğurlar qazanırlar. Bu il bizim iki idmançımız sərbəst güləş və boks üzrə üçüncü dəfə dünya çempionu olub. Bu da tarixi nailiyyətdir. Bir sözlə, bu gün Azərbaycan o ölkələrdəndir ki, onun çox güclü idman potensialı var. Həm infrastruktur, həm idmançıların hazırlığı, gənc idmançıların hazırlanması - biz bu məsələyə kompleks şəkildə yanaşırıq. Bir daha qeyd etmək istəyirəm ki, bütün müvafiq qurumlar bir nöqtəyə vurur, bir məqsədə qulluq edir və məhz buna görə də biz idmanda bu nailiyyətləri əldə edə bilmişik.

Biz beynəlxalq arenada - Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitələri çərçivəsində də fəal iştirak edirik. Bizim beynəlxalq federasiyalarla da çox yaxşı əlaqələrimiz var. Təsadüfi deyil ki, Azərbaycanda demək olar ildə bir neçə dəfə mötəbər beynəlxalq yarış keçirilir. Bu günlərdə Bakı şəhərində qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçirilir. Azərbaycanda beynəlxalq yarışların keçirilməsi də artıq bir ənənəyə çevrilib. Biz buna öyrəşmişik və bu da əlbəttə ki, həm ölkəmizin potensialını göstərir, həm də beynəlxalq federasiyaların bizə olan inamını əks etdirir. Bu idman tədbirləri arasında mötəbər yarışları bu gün xüsusilə qeyd etmək istərdim. Bakıda iki dəfə Formula-1 yarışı keçirilmişdir. Bu, tamaşaçı auditoriyasına görə Yay Olimpiya Oyunlarından sonra yəqin ki, ikinci idman yarışıdır. Bu yarışların auditoriyası 500 milyon insandır. Bakıda iki dəfə keçirilmiş “Formula-1” yarışı artıq “Formula-1” yarışları arasında özünəlayiq yer tuta bilib. Çünki bu, şəhər yarışıdır və tamaşaçılar üçün, televiziya ilə bu yarışı izləyənlər üçün həm yarış daha maraqlı keçir, eyni zamanda, şəhərimizin gözəlliyi yarım milyard insana təqdim olunur.

Azərbaycanda dünya, Avropa çempionatları keçirilir. Əlbəttə ki, mən 2015-ci ildə keçirilmiş birinci Avropa Oyunlarını xüsusi qeyd etməliyəm. Bu qərarı qəbul edən Avropa Olimpiya Komitələrinin rəhbərlərinə və üzvlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. O vaxt bu qərarın qəbul edilməsi bizə imkan verdi ki, bu Oyunları keçirək, öz imkanlarımızı göstərək və beləliklə, Avropa Oyunlarına start verək. Bilirsiniz ki, hazırlıq üçün bizim cəmi 2 il yarım vaxtımız var idi və deyə bilərəm ki, bu Oyunlar qısa müddət ərzində Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Bakıda bu Oyunlarda 50 ölkə, 5 mindən çox idmançı, nümayəndə heyətlərinin minlərlə üzvü, qonaqlar iştirak ediblər. Onu da qeyd etməliyəm ki, Azərbaycan bu Oyunlarda çox yaxşı nəticələr göstərmişdir, komanda hesabında idmançılarımız ikinci yerə layiq görülmüşlər. Bu Oyunlar bizim hamımızın xatirindədir, bu, gözəl bir idman və dostluq bayramı idi. O günlərdə yaşanan ab-hava əminəm ki, bundan sonra da bizim yaddaşımızdan silinməyəcək. Bu gözəl təcrübəni əldə edərək, Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunlarını uğurla keçirib. Bu Oyunlarda 54 ölkə, 3 mindən bir qədər çox idmançı iştirak etmişdir. Bu Oyunlarda da Azərbaycan idmançıları öz güclərini göstərərək bu dəfə komanda hesabında, 54 ölkə arasında birinci yeri tuta bilmişlər. Bu Oyunlar da çox böyük müvəffəqiyyətlə keçdi. Həm Avropa Oyunlarında, həm də İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş idmançılar və qonaqlar əminəm ki, öz vətənlərinə ən xoş təəssüratlarla qayıtmışlar.

Bu Oyunların keçirilməsi həm ölkəmizin potensialını, həm bizim siyasətimizi, həm də imkanlarımızı göstərir. Çünki bu Oyunlar sadəcə olaraq idman yarışları deyil. İdman dostluğu möhkəmləndirən, xalqlararası münasibətləri gücləndirən önəmli bir amildir. Bir şəhərdə cəmi iki il ərzində həm Avropa, həm İslam oyunlarının keçirilməsi bizim sivilizasiyalararası dialoqa da verdiyimiz növbəti töhfə kimi qəbul edilməlidir.

Siz bilirsiniz ki, Azərbaycan bu istiqamətdə dünya miqyasında çox böyük işlər görür. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən biri kimi özünü təsdiqləyib. Biz keçən ili Azərbaycanda “Multikulturalizm İli” elan etmişdik. Bu il isə “İslam Həmrəyliyi İli”dir. Bu iki təşəbbüs arasında sıx bağlılıq var. Yəni, biz, bu təşəbbüslə göstəririk və bildiririk ki, dünyada bütün məsələlər qarşılıqlı anlaşma, əməkdaşlıq şəraitində öz həllini tapmalıdır. Məhz Azərbaycan 2008-ci ildə “Bakı prosesi”nə start verdi. Bu gün “Bakı prosesi” BMT tərəfindən dəstəklənən çox geniş bir hərəkatdır. Məhz 2008-ci ildə Azərbaycan Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdi. Beləliklə, birinci dəfə hər iki təşkilat bir yerdə toplantı keçirmişdir. “Bakı prosesi” o gündən bu günə qədər çox böyük məsafə qət etmişdir və bu gün beynəlxalq aləmdə çox yüksək qiymətləndirilir.

Yəni, idman ictimai həyatın önəmli amili kimi, əlbəttə, bundan sonra da öz rolunu oynayacaq. Azərbaycan idman yarışlarını keçirərkən, əlbəttə, eyni zamanda, bu məqsədi də güdür ki, idmançılar arasında, xalqlar arasında, ölkələr arasında münasibətlər qarşılıqlı etimad və hörmət əsasında qurulsun.

Bugünkü mərasim mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki mən iyirmi ildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyət göstərirəm. 1997-ci ildə Azərbaycan idman ictimaiyyəti bu etimadı mənə göstərib. Hesab edirəm ki, mən bu şərəfli missiyanı bu günə qədər icra edirəm. Baxmayaraq ki, o vaxtdan altı il sonra mən ölkə Prezidenti seçilmişəm. Əlbəttə ki, mənim məsuliyyətim böyük dərəcədə artıb. Ancaq Milli Olimpiya Komitəsinin prezidenti kimi mən çalışıram ki, idmanın inkişafı ilə bağlı bütün məsələlərə diqqət yetirim. İdmançıların bütün yarışları demək olar ki, diqqət mərkəzindədir. Mən o yarışları imkan daxilində izləyirəm. İdmançıların qayğıları, problemləri ilə daim maraqlanıram. Mənim həyatımın iyirmi ili artıq Olimpiya Hərəkatına, idmana həsr edilib.

 

Onu da qeyd etməliyəm ki, Azərbaycanda dövlət və ictimai təşkilatlar idmançıların məişət problemlərinin həllində də fəal iştirak edirlər. Hər il ilin yekunlarına görə, iyirmidən çox görkəmli idmançıya dövlət tərəfindən mənzillər, digər mükafatlar, təqaüdlər verilir. Yəni, biz daim çalışırıq ki, idmançılarımızı dəstəkləyək. Çünki bu gün idman Azərbaycanda, bizim cəmiyyətimizdə çox önəmli ictimai amilə çevrilib.

İdmançı olmaq çox şərəfli peşədir. İdmançılara cəmiyyətdə hörmət böyükdür. Onu da qeyd etməliyəm ki, bizim idmançılarımız həm idman yarışlarında, həm məişətdə özlərini ləyaqətlə aparırlar. İdmançılar, onların uğurları, onlara dövlət tərəfindən verilən qiymət və dəstək əlbəttə ki, uşaqları da idman bölmələrinə cəlb edir. Çünki uşaqlar da görürlər ki, əgər sən idmanda böyük uğur qazanarsansa, onda həm xalq, həm dövlət səni yüksək qiymətləndirəcək.

Beləliklə, bu gün Azərbaycanda yeniyetmə, uşaq idmanı da uğurla inkişaf edir. Qeyd etdiyim kimi, bütün bölgələrdə idmanla məşğul olmaq üçün gözəl şərait var. Bizim çempionlarımızın uğurlu çıxışları, onların qələbələri gəncləri də, uşaqları da əlbəttə ki, idmana cəlb edir. Hər dəfə bizim idmançılarımız beynəlxalq yarışlarda bayrağımızı qaldıranda hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. Bu qələbələrə, bu qələbə sevincini xalqımıza bəxş etdiklərinə görə Azərbaycan idmançılarına bir daha minnətdarlığımı bildirmək istəyirəm.

Çıxışımın sonunda bir məsələyə də toxunmaq istərdim. Bu gün biz Azərbaycanda idman uğurlarımıza bir növ öyrəşmişik. Bəziləri elə hesab edirlər ki, elə də olmalıdır. Biz gərək keçmişə də baxaq, müqayisə də edək və görək ki, əgər medalların sayına görə o qədər də böyük ölkə olmayan, əhalisi o qədər də böyük olmayan Azərbaycan Rio Olimpiya Oyunlarında 14-cü yerə layiq görülürsə, bu, doğrudan da tarixi nailiyyətdir.

Bizim həmişə güclü idmançılarımız olub. Sovet vaxtında da Azərbaycan nümayəndələri xalqımızı SSRİ yığma komandalarında ləyaqətlə təmsil ediblər. Ancaq əlbəttə ki, indiki nailiyyətlərlə o vaxtkı nailiyyətlər müqayisəedilməz dərəcədə fərqlənir.

Bu gün biz müstəqil dövlət kimi medalların sayına görə dünya miqyasında 14-cü yerdəyik. Bu, nəyin hesabına mümkün olub? Əlbəttə, görülən işlər, apardığımız siyasət hesabına - bu barədə mən artıq öz fikirlərimi bildirdim. Mən görülən işlərin bir hissəsini qeyd etdim. Amma əsas səbəb və bunun əsas qaynağı bizim müstəqilliyimizdir. Biz 26 ildir ki, müstəqil ölkə kimi yaşayırıq, öz taleyimiz öz əlimizdədir. Azərbaycan xalqı, onun iradəsi bu gün bizim siyasətimizi şərtləndirir. Müstəqil siyasət aparan müstəqil Azərbaycan bütün başqa sahələrdə olduğu kimi, o cümlədən idman sahəsində də bu uğurlara imza atıb.

Bir neçə gün bundan əvvəl dünyanın aparıcı iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinin indeksini açıqlayıb. Azərbaycan il ərzində iki pillə irəli gedərək 37-ci yerdən 35-ci yerdə qərarlaşıb. Bu da MDB məkanında birinci yerdir. Yəni, 140-a yaxın ölkənin iqtisadiyyatları təhlil edilib. Onların arasında Azərbaycan - gənc müstəqil dövlət 35-ci yerdədir. Bu, nəyin hesabına mümkün olub? Düşünülmüş siyasət hesabına, xalq-iqtidar birliyi hesabına. Bunun təməlində bizim müstəqilliyimiz dayanır. Müstəqilliyimiz ən böyük xoşbəxtliyimizdir, ən böyük sərvətimizdir. Bu gün medallar qazanan, idman şöhrətimizi dünyada artıran idmançılarımızın böyük əksəriyyəti müstəqillik dövründə doğulub, onların hamısı müstəqillik dövründə formalaşıb”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə uğurla gedəcək.

 

Daha sonra tədbirdə Avropa Olimpiya Komitələrinin icraçı prezidenti Janez Koçijançiç Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitələrinin xüsusi mükafatlarını təqdim edib.

Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatını - qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.


Create Account



Log In Your Account