Jun 16 2020 12:39
Elshad Aliyev
Views: 223

Bugünkü müstəqil Azərbaycan Respublikası, sürətlə inkişaf edən, çiçəklənən Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Ümummilli Liderimiz bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbirdə səsləndirilib.

Tədbirin rəsmi hissəsində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək qeyd edib ki, Ulu Öndərin 1969-cu il iyulun 14-də ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın inkişaf və tərəqqi, 1993-cü il iyunun 15-də xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı isə Milli Qurtuluş tarixinə çevrilib.

Bayram tədbirinin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri konsert proqramı ilə çıxış edib. Konsert Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə start götürüb. Proqramda Tofiq Quliyevin “Əziz surət”, Fikrət Əmirovun “Sevil” operasından Dilbərin ariyası, Rauf Hacıyevin “Sevgilim”, Kamal Əhmədovun “Heydər-Xalq”, Qara Qarayevin “Böyük xilaskar” əsərləri, “Küçələrə su səpmişəm” xalq mahnısı ilə yanaşı, dünya bəstəkarlarının da musiqiləri ifa edilib. Konsert rəqs kollektivinin ifasında Eldar Mansurovun “Odlar Yurdu” süitası ilə sona çatıb.

Əsərləri Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Mübariz Əsgərov və Gülyanaq Fərzəliyeva, gənc ifaçılar Bəsti Qasımova, İlkin Abdullayev ifa ediblər.

Tədbir Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan televiziyasının rəsmi internet resurslarında və sosial şəbəkə hesablarından canlı olaraq yayımlanıb.

 


Create Account



Log In Your Account