May 29 2020 13:37
Elshad Aliyev
Views: 175

“Məcburi köçkünlərin sosial problemləri Azərbaycan hökuməti üçün prioritet məsələlərdən biridir”. Bunu APA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili qeyd edib ki, ötən müddət ərzində 100-dən artıq məcburi köçkün şəhərciyi salınıb: “Bu, 300 mindən artıq məcburi köçkün vətəndaşımızın evlə təmin olunması deməkdir. Eyni zamanda 1993-2019-cu illərdə məcburi köçkünlərin sosial problemlərinin həlli üçün 8 milyard manata yaxın vəsait ayrılıb. Bunun 3.5 milyard manatdan çoxu dövlət büdcəsinin payına düşür, 2.5 milyard manat vəsait Azərbaycan Dövlət Neft Fondu tərəfindən ayrılıb. Eyni zamanda digər humanitar qurumlar tərəfindən də təxminən 1.4 milyard manat vəsaitin bu istiqamətə ayrılması qeydə alınıb. Bütövlükdə ayrılan rəqəm, məcburi köçkünlərin sosial, eləcə də mənzil problemlərinin həlli ilə bağlı həyata keçirilən fəaliyyətlər göstərir ki, onların sosial və iqtisadi problemlərinin həlli Azərbaycan hökumətinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas hədəflərindən biri də məhz məcburi köçkünlərin sosial baxımdan təminatının gücləndirilməsinə xidmət edir. Bu baxımdan məcburi köçkünlərə dövlət qayğısının mütamadi artmasını müşahidə edirik. Bu qayğı özünü bu istiqamətə ayrılan sosial vəsaitlərdə, o cümlədən həyata keçirilən və maliyyələşdirilən proqramların sayının artmasında, məcburi köçkünlərin mənzil təminatının yaxşılaşdırılmasında bir daha göstərir”.

V. Bayramov deyib ki, məcburi köçkünlər üçün mənzil təminatının yaxşılaşdırılması vacib məqamlardan biridir: “Biz də mütəmadi olaraq bu istiqamətdə yeni şəhərciklərin salınmasını müşahidə edirik. Qobuda artıq 3-cü şəhərciyin də salınması ondan xəbər verir ki, məcburi köçkünlərin mənzil probleminin həlli istiqamətində fəaliyyətlər davam etdiriləcək. Bununla bağlı siyasi iradə var. Pandemiya və neftin dünya bazar qiymətinin aşağı enməsinə baxmayaraq, bu istiqamətə ayrılan vəsaitin həcminin azaldılmaması, hətta ayrılan vəsaitin həcminin artırılması da ondan xəbər verir ki, hətta həssas dönəmlərdə belə məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması Azərbaycan hökuməti üçün prioritet olaraq qalmaqdadır. Azərbaycan hökuməti növbəti dövrlərdə də məcburi köçkünlərin daha yaxından dəstəklənməsini həyata keçirəcək və bu siyasət davam etdiriləcək. Bu istiqamətdə atılan addımlar, həyata keçirilən dəstək təqdirəlayiqdir”.

Millət vəkili nəzərə çatdırıb ki, bütün bunlarla yanaşı, məcburi köçkünlər arasında aparılan müzakirələr, sorğular onlar arasında vətənpərvərlik hisslərinin daha da artmasını göstərir: “Azərbaycan Ordusunun maddi-texniki bazasının ildən-ilə güclənir,  ölkəmiz regionda ən güclü orduya malik olan ölkələrdən biridir. Biz son illər ordumuzun həm maddi baxımdan, həm də bütövlükdə vətənpərvərlik konteksində güclənməsini müşahidə edirik. Aprel döyüşləri də göstərdi ki, vətəndaşlarımız, o cümlədən məcburi köçkünlərimiz arasında vətənpərvərlik hissləri kifayət qədər yüksəkdir. Bu, xüsusilə də məcburi köçkünlərimizin Qarabağ konfliktinin həlli, işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi və həmin ərazilərə məcburi köçkün və qaçqınlarımızın qayıtması ilə bağlı vətənpərvərlik mövqeyinin olmasından xəbər verir. Bu baxımdan məcburi köçkünlərin iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılması fonunda onlar arasında vətənpərvərlik hissinin daha da güclənməsini müşahidə edirik. Məcburi köçkünlər öz torpaqlarına qayıtmaqda israrlıdırlar. Biz inanırıq ki, Azərbaycan Prezidentinin, Ali Baş Komandanın rəhbərliyi altında biz torpaqları işğaldan azad edib, həmin ərazilərə qayıdacağıq”.


Create Account



Log In Your Account