Jul 02 2020 15:44
Elshad Aliyev
Views: 160

“Payızda 2020-ci ilin büdcəsinə yenidən baxıla bilər”. Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

Deputat bildirib ki, “Büdcə sistemi haqqında” qanunun tələblərinə görə, Milli Məclis qarşısında bu məsələ qaldırıla bilər: "Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinə yenidən baxılması zərurəti yarandıqda və bu zərurətin cari il üçün dövlət büdcəsi layihəsinin tərtibi və təsdiqi zamanı nəzərə alınması mümkün olmadıqda, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyası nəzərə alınmaqla cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclisi qarşısında məsələ qaldırıla bilər. Prezident İlham Əliyev ölkə iqtisadiyyatının sabitliyinin davamlığının və xarici təsirlərə dayanıqlığının təmin edilməsi, iqtisadiyyatın inkişaf perspektivlərinin qorunması məqsədilə 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 2020-ci il dövlət büdcəsindən Nazirlər Kabinetinə 1 milyard manat ayrılması barədə qərar verib.

“Büdcə sistemi haqqında” qanunun tələblərinə görə, “Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar müəyyən olunmuş rüblük göstəricilərdən kənarlaşdıqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların dəyişikliklər aparılmaqla aradan qaldırılması mümkün olmadıqda, qanunvericilik təşəbbüsü qaydasında may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin ilk 6 ayının nəticəsinə görə, müəyyən olunmuş göstəricilərdən 30 faiz az olduqda, qanunvericilik təşəbbüsü oktyabr ayının 15-dən gec olmayaraq Milli Məclis qarşısında dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması barədə məsələ qaldırılır. Dövlət büdcəsinin icrası barədə rüblük hesabatlarda büdcənin gəlirləri üzrə faktiki daxilolmalar həmin dövr üçün təsdiq edilmiş göstəricilərdən 20 faiz az olduqda həmin hesabatlar Milli Məclisin müvafiq komitələrində müzakirə edilir”.

Komitə sədrinin müavini qeyd edib ki, bu ilin beş ayının nəticələrinə görə vergi, rüsum və sair daxilolmalarında büdcəyə proqnozdan 1,1 milyard manatdan artıq profisit  yaranıb: “Belə bir şəraitdə aidiyyəti orqanlar bu ilin birinci yarısının nəticələrini və ondan sonra gözlənilən meylləri təhlil edib proqnozlaşdırdıqdan sonra ilin ikinci yarısında-payızda 2020-ci ilin büdcəsinə yenidən baxılması məsələsinə qayıda bilərlər”.


Create Account



Log In Your Account