May 31 2020 16:59
Elshad Aliyev
Views: 150

“82 deputat növbədənkənar sessiyanın keçirilməsi üçün mənə müraciət edib”.

APA-nın məlumatına görə, bunu spiker Sahibə Qafarova deyib.

“Mən bununla bağlı sərəncam imzalamışam. Növbədənkənar sessiyanın ilk iclasları iyunun 1-i və 2-də keçiriləcək", - deyə S. Qafarova bildirib.

Spiker iclaslarda İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəyə çıxarılacağını deyib. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik bu gün Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Layihəyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.


Create Account



Log In Your Account